Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Əlamətdar gün münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Azərbaycan dilinin saflığı və onun qorunmasından söz açıblar. Şagirdlərin ifasında ana dilimizə həsr olunan şeirlər səsləndirilib.
***
Sabit Rəhmanın Şəkidəki ev-muzeyində “Heydər Əliyev və ana dili” mövzusunda tədbir keçirilib. Tədbirdə mövzu ilə bağlı mühazirə dinlənilib. Şagirdlər Ümummilli liderin ana dilimizlə bağlı kəlamlarını səsləndiriblər.
Oğuz rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə H.Babayev adına rayon 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən “Dilimiz, mənəvi sərvətimizdir” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
***
Samux rayon Mədəniyyət Mərkəzində “Ana dilimizi qoruyaq” adlı tədbir təşkil olunub. Qeyd edilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.
***
Ağstafa rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhər 1 saylı tam orta məktəbin şagirdləri üçün “Əsrlərin yadigarı – ana dilim” mövzusunda mühazirə təqdim ediblər. Beynəlxalq Ana Dili Gününün tarixindən və əhəmiyyətindən danışılıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salınıb.
M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində isə “Dilimiz dəyərimizdir” adlı tədbir keçirilib.
***
Masallı rayon Heydər Əliyev Mərkəzində “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib.
***
Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Ana dilimizi sevək və qoruyaq” adlı tədbir keçirilib. Kitabxananın fəal oxucuları ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər. İştirakçılar “Ana dili milli sərvətimizdir” adlı sərgiyə baxıblar.
***
Şamaxı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşəbbüsü ilə “Mənim ana dilim” başlıqlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycan dilinin keçdiyi inkişaf yolu, zənginliyi, Ümummilli lider Heydər Əliyevin dilimizə qayğısı haqqında məlumat veriblər. Sonda əlamətdar günə həsr edilmiş sərgiyə baxış olub.
N.Məmmədli