Fevralın 22-də böyük yazıçı-dramaturq, publisist Cəlil Məmməqduluzadənin (1869-1932) anadan olmasının 154-cü ildönümü oldu. Bu münasibətlə ədibin Naxçıvan şəhərindəki ev-muzeyində tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov böyük ədibin xatirəsinin əbədiləşdirilməsi barədə danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1974-cü ildə Naxçıvan şəhərində yazıçının heykəli ucaldılıb, Cəlil Məmməqduluzadənin dərs dediyi Nehrəm qəsəbəsində, Şərur rayonunun Cəlilkənd kəndində xatirə muzeyləri, 1994-cü ildə Bakıda, 1999-cu ildə Naxçıvanda ev-muzeyləri yaradılıb.

AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, institutun böyük elmi işçisi Aygün Orucova ədibin yaradıcılığından söz açıblar.

***

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində də görkəmli ədibin doğum günü qeyd olunub.

Muzeyin direktoru Aləmzər İbrahimova, Muxtar respublika Yazıçılar Birliyinin sədri Asim Əliyev, pedaqogika elmləri doktoru Kamal Camalov Mirzə Cəlilin yaradıcılığından, pedaqoji görüşlərindən danışıblar. Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalının elə bir nömrəsini tapmaq olmaz ki, orada məktəb, maarif, təlim-tərbiyə məsələlərinə toxunulmamış olsun. Muzeydə ədibə həsr olunmuş guşəyə baxış keçirilib.