Bakı Turizm Peşə Məktəbində müşavirə keçirildi
   
   İyulun 12-də Bakı Turizm Peşə Məktəbində «Turizm sahəsində kadr hazırlığı: nailiyyətlər, problemlər və əsas vəzifələr» adlı müşavirə keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri və nazirliyin məsul işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin, respublikanın turizm sektoru təmsilçilərinin, habelə Şotlandiyanın Stevenson Kollecinin və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin rəhbərləri iştirak edirdi. Müşavirəni Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov açaraq müzakirə olunacaq mövzunun aktuallığını vurğuladı.
   
   Turizm İnstitutu çalışan bir mexanizmdir
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu, bu sahədə kadr hazırlığına xüsusi önəm verildiyini bildirdi: “Azərbaycan Turizm İnstitutu Mədəniyyət və Turizm Nazirliyi yaranandan az sonra fəaliyyətə başlayıb. Artıq bu il təhsil ocağının 6 yaşı tamam olur. Bu müddətdə əldə olunan nailiyyətlər ondan xəbər verir ki, niyyət olduqda, qarşıya düzgün məqsəd qoyulduqda, təhsil ocağı rəhbərliyinin dünyagörüşü müasir standartlara cavab verdikdə nailiyyətlər də olur. Biz bu gün fərəhlə qeyd etməliyik ki, Turizm İnstitutu qısa bir zamanda Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə çevrilib. Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının illik hesabatlarında da öz əksini tapıb. İnstitutun tələbələri Azərbaycanda keçirilən bütün beynəlxalq miqyaslı tədbirlərin reallaşdırılmasında fəal surətdə iştirak edirlər. Biz buna sevinməyə bilmərik”.
   Nazir vurğuladı ki, əldə olunan nailiyyətlərlə yanaşı, qarşıdakı perspektivlər barədə də düşünmək lazımdır: “Başlanmış proses dayanmamalıdır. Sözsüz ki, davamlı inkişaf yolunda olan ölkəmizin turizm sənayesi qarşıya yeni vəzifələr qoyur. Bu isə ondan ibarətdir ki, ali menecment səviyyəsində hazırlanan məzunlarla yanaşı, Azərbaycanda orta və aşağı xidmətləri təqdim etməyi bacaran personalın formalaşdırılmasına ehtiyac var. Mən xüsusilə qeyd etmək istəyirəm ki, Mingəçevir Turizm Kollecinin fəaliyyəti bu məqsədə çatmaq üçün atdığımız ilk addımlardandır. Kollec öz fəaliyyəti, məzunlarının işlə təmin edilməsi, yerləşdiyi bölgənin cəlbedici təhsil ocağına çevrilməsi ilə sübut etdi ki, bu istiqamət olduqca vacibdir. Bu il bu təhsil müəssisəsinin də 6 yaşı tamam olur. Mingəçevir Turizm Kolleci öz təhsil prosesini Böyük Britaniyanın Şotlandiya bölgəsində fəaliyyət göstərən aparıcı Stevenson Kollecinin proqramları ilə həyata keçirir. Nəhayət, ölkə başçısının Azərbaycanda turizm sənayesinin inkişafına göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Bakı Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb. Bu, Azərbaycanda ilk turizm peşə məktəbidir. Yaxın perspektivdə Qusarda, Qubada, Lənkəranda və digər bölgələrdə də turizm peşə məktəbləri yaradılacaq”.
   Əbülfəs Qarayev qeyd etdi ki, turizm sənayesi üzrə kadr hazırlığı əvvəllər də aparılırdı. Bakı Dövlət Universitetində bu istiqamətdə ixtisaslar vardı: “Amma müasir Azərbaycanda turizm sənayesinin tamamilə yeni bir müstəviyə çıxdığı və turizm sənayesinin ölkənin qeyri-neft sektorunun mühüm inkişaf istiqaməti kimi qəbul olunduğu bir vaxtda biz köhnə kadr hazırlığı sistemi ilə qane ola bilmərik. Ona görə də turizm sahəsində təhsil ocaqlarını dünyanın ən qabaqcıl təhsil müəssisələri sırasına çıxarmalıyıq. Hazırda bu istiqamətdə də gedirik. ATİ-də bakalavr səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır”.
   
   “Azərbaycan dövlətinin dəstəyi ilə məqsədlərimizə çatacağıq”
   
   Nazir bildirdi ki, Azərbaycanda turizm sənayesi sürətlə inkişaf edir. Ölkədə 500-dən çox mehmanxana fəaliyyət göstərir. Azərbaycana gələn xarici turistlərin sayı 2 milyonu keçib. 5 il əvvəl ölkənin turizm sənayesində çalışanların sayı 3-4 min nəfər idisə, indi bu rəqəm 10 min nəfəri ötüb. Bu rəqəmlərin arxasında peşəkarlıq və keyfiyyətli kadr potensialı dayanır: “Biz respublikamızda gedən sürətli inkişafla ayaqlaşmalı, qabaqcıl qüvvəyə çevrilməli və turizm sənayesi üçün lazımi kadr hazırlığını təmin etməliyik. Bu günə qədər ATİ-nin və Mingəçevir Turizm Kollecinin məzunlarının 90 faizi işlə təmin olunub. Xüsusilə qeyd etməliyəm ki, bu təhsil ocaqlarında tədris aparan insanların arasında sənayenin aparıcı qüvvələri də var. Onlar tanınmış mehmanxanaların, turizm şirkətlərinin, aviasiya şirkətlərinin, müxtəlif turizm təşkilatlarının rəhbərləridir. Bu insanlar tədris prosesi zamanı tələbələrlə yaxından təmasda olurlar, onları tanımaq imkanı əldə edirlər. Elə buna görə də məzunların işlə təminatında həmin müəssisələr arasında yaxşı mənada rəqabət gedir. Bu bizi çox sevindirir. ATİ-nin məzunlarının bir hissəsi Avstriyanın Krems Universitetinin diplomunu da ala bilir. Bu universitetin tətbiq etdiyi təhsil proqramları dünya tərəfindən qəbul olunur. Tələbələr yay tətili zamanı dünyanın 7-8 ölkəsində təcrübə keçirlər. Bununla da onlar dünya təcrübəsini mənimsəyərək, müasir turizm sənayesinin ayrılmaz hissəsinə çevrilirlər”.
   Əbülfəs Qarayev Azərbaycanda fəaliyyət göstərən şəbəkə hotellərin öz kadr hazırlıqları ilə məşğul olan kiçik kurslar təşkil etdiyini, Azərbaycan Turizm Assosiasiyası tərəfindən Amerikanın hotelçilər şirkəti ilə müqavilə əsasında hotellərdə çalışan əməkdaşlar üçün xüsusi təlimlər təşkil edildiyini dedi: “Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı ilə birlikdə seminarlar, kurslar, təkmilləşmə proqramları həyata keçirir. Bütün bunların hamısı isə ATİ-nin müəllim və tələbələrinin iştirakı ilə gerçəkləşir”.
   Nazir bildirdi ki, turizm sahəsinin inkişafı üçün bundan sonra da lazımi işlər görüləcək: “Mədəniyyət və turizm anlayışının vəhdətləşdirilməsi üçün işlər görülür. Hazırda diyarşünaslıqla, muzeyşünaslıqla, bələdçilərin hazırlanması işi ilə məşğuluq. Eyni zamanda, Azərbaycanda turizmin müxtəlifliyini təmin etməliyik. Burada mədəni, macəra, idman, konqres turizmi və s. olmalıdır. Bakı Turizm Peşə Məktəbi də öz işini sırf bu sənayeyə kadr hazırlığı istiqamətində quracaq. Azərbaycanda hər il 30-40 mehmanxana fəaliyyətə başlayır. Qusarda inşa edilən Şahdağ Yay-Qış Turizm Kompleksi bu ilin sonuna turistləri qəbul edəcək. Orada çalışmaq üçün peşəkar kadrlara ehtiyac var. Bunlar hamısı məqsədlərdir. Biz bu məqsədləri bilirik. Azərbaycan dövlətinin dəstəyi və turizm sektoru nümayəndələrinin iştirakı ilə biz bu məqsədlərə çatacağıq. Mən bir daha vurğulamaq istəyirəm ki, turizm sənayesi üçün kadr hazırlığı Mədəniyyət və Turizm Nazirliyinin daim diqqət mərkəzindədir. Biz bu işin yüksək səviyyədə qurulması üçün var qüvvəmizlə çalışacağıq və əmin olduğumu bildirmək istəyirəm ki, bu sahədə bizim tədris ocaqlarının məzunları aparıcı qüvvə kimi çıxış edəcəklər. Bu yolda hamınıza uğurlar arzulayıram”.
   
   Turizm İnstitutu Avropa Kredit Transfer Sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir
   
   Sonra ATİ-nin rektoru Cəfər Cəfərov «Azərbaycanın turizm sahəsi üçün kadr hazırlığı və bu prosesdə ATİ-nin yeri və rolu» mövzusunda çıxış etdi. Rektor rəhbərlik etdiyi təhsil müəssisənin 6 illik fəaliyyəti ilə bağlı məlumat verərək bildirdi ki, vaxtilə 200 tələbə, 1 fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlayan ATİ-də hazırda bakalavr səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Son iki ildə ATİ-dən məzun olanların sayı 288 nəfərdir. 2010/2011-ci tədris ilindən ATİ-də 3 ixtisas üzrə 19 tələbə ilə magistratura pilləsi fəaliyyətə başlayıb. Hazırda bu təhsil pilləsində 7 ixtisas üzrə 41 nəfər təhsilini davam etdirir. İnstitutda 2011/2012-ci tədris ilindən doktoranturaya qəbul başlanıb, 8 ixtisas üzrə 16 nəfər fəlsəfə doktorluğu üzrə təhsil alır.
   ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. AKTS çərçivəsində 36 nəfər xaricdə təhsil alıb. Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında bağlanan müqaviləyə əsasən, 2010-cu ildə 14, 2011-ci ildə isə 19 məzun eyni zamanda hər iki təhsil ocağının diplomunu alıb. ATİ bu günədək 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqələr qurub. Avstriyanın Krems Universitetindən əlavə, Almaniyanın Yade, Türkiyənin Atatürk, Qars Qafqaz, Şimali Kiprin Girnə Amerikan və Doğu Akdeniz universitetləri ilə də əməkdaşlıq memorandumları imzalanıb.
   
   Təhsildə beynəlxalq əməkdaşlıq güclü rol oynayır
   
   Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov «Turizm sahəsində ixtisaslı peşə kadrlarının hazırlanması» mövzusunda çıxış etdi. Qeyd etdi ki, Turizm Kolleci də ATİ ilə eyni vaxtda yaranıb. Bu müddətdə kollecə turizm ixtisasları üzrə 2291 tələbə qəbul edilib, onların 634 nəfəri məzun olub. Məzunların 330 nəfəri hazırda işləyir. Direktor qeyd etdi ki, Mingəçevir Turizm Kollecinin zəngin fondu olan böyük kitabxanası, internet saytı var: “Təhsildə beynəlxalq əməkdaşlıq güclü rol oynayır. Odur ki, Mingəçevir Turizm Kolleci də öz fəaliyyətini Avropa təhsil sisteminə uyğunlaşmaq istiqamətində qurub. Şotlandiyanın Stevenson Kolleci, Rumıniyanın Andrey Barseanu Kolleci, Moskva Humanitar və Biznes İqtisadiyyat kollecləri, Almatı Dövlət Texnologiya və Menecment Kolleci ilə əməkdaşlıq edirik”.
   Bakı Turizm Peşə Məktəbinin direktoru İkram Məmmədov isə «Turizm sahəsinə xidməti personalın hazırlanması məsələləri» mövzusunda çıxış etdi. Bildirdi ki, hazırda məktəb turizm agenti, aşpaz, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadr hazırlığına başlayıb: «Bu istiqamət üzrə peşə təhsilli kadrlara hazırda Azərbaycanda tələbat böyükdür. Bu tələbatı ödəmək üçün biz bütün qüvvəmizi səfərbər edəcəyik».
   Sonra ATİ-nin təşkilatçılığı ilə Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının kurslarını müvəffəqiyyətlə bitirən azərbaycanlı bələdçilərə sertifikatlar verildi.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar