Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yaxın keçmişimizin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Köksü dağlı Xocalı” adlı anım günü keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı XX əsrdə bəşər tarixinə ən faciəli səhifələrdən biri kimi yazılmış 1992-ci ilin Xocalı soyqırımı haqqında danışıb.
Faciənin şahidləri yaddaşlarında həkk olunmuş dəhşətli anlardan bəhs edərək acı xatirələrini bölüşüblər.
Muzey əməkdaşları tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Anım tədbirinin bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya ilə davam edib.