Fevralın 23-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Vəzifəli Məmurlar Komitəsinin 39-cu toplantısı keçirilib. Bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Toplantıda əvvəlcə Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türk dünyasının Türkiyədəki soydaşlarının dərdinə şərik olduğunu deyən TDT-nin baş katibi səfir Kubanıçbek Ömuraliyev zəlzələ bölgəsinə səfəri barədə məlumat verib. Bu günlər təşkilatın üzv və müşahidəçi ölkələrinin Türkiyə xalqı və dövləti ilə sarsılmaz həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Qeyd edək ki, hazırda TDT-də keçici sədr (dönəm başqanı) Özbəkistan Respublikasıdır və TDT Yüksək Vəzifəli Məmurlar Komitəsinin 39-cu iclasına da, təşkilatın yeni Nizamnaməsinə uyğun olaraq, bu ölkə sədrlik edib.

İclasda zəlzələ bölgəsindəki son vəziyyətlə yanaşı, TDT-nin digər prioritet gündəm bəndləri, o cümlədən ötənilki Səmərqənd Zirvə toplantısı qərarlarının icrası və mart ayında Ankarada keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunub.

İclasda TDT-yə üzv ölkələrin Xarici İşlər nazirliklərinin nümayəndələri iştirak ediblər.

Mehparə Sultanova
Ankara