Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımız – Xocalı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat verib. Bildirilib ki, əliyalın, köməksiz insanların – yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırımı aktının törədildiyinin əyani sübutudur. 1997-ci ilin 25 fevral tarixində Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı sərəncamla bu faciəyə ilk siyasi qiymət verilib.

Qeyd olunub ki, bu dəhşətli faciənin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası xüsusi rol oynayır. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində Qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını alıb.

İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova kitabxana tərəfindən Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar hazırlanan Azərbaycan və ingilis dillərində silsilə materiallar – ənənəvi və virtual sərgilər, videomaterial, metodiki vəsait, məlumat bülleteni, biblioqrafik yaddaş və icmal haqqında məlumat verib.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Xocalı soyqırımı haqqında gerçəklərin beynəlxalq birlik tərəfindən tanınmasının vacibliyini qeyd ediblər.