Fevralın 6-da baş verən və böyük dağıntılara, tələfata səbəb olan zəlzələ ilə bağlı Türkiyəyə Azərbaycan başda olmaqla dünyanın müxtəlif ölkələri tərəfindən humanitar yardım davam edir. Bu günlərdə Ankaradakı bir neçə xarici ölkənin səfirliyi də humanitar aksiyaya qoşulub.

Şri-Lanka, Əlcəzair, Cibuti, Malta, Monteneqro və Yeni Zelandiyanın səfirlikləri tərəfindən zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə toplanan 123 500 TL Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) təqdim edib.

Bu barədə Şri-Lankanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən ölkələrin səfirlərinin iştirakı ilə toplanan ianə AFAD-ın rəhbəri Yunus Sezerə təqdim edilib. Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Humanitar dəstəyin təşkilinə rəhbərlik edən Şri-Lanka səfiri xanım Hasanthi Urugodavatte Dissanayake Türkiyənin bu ağır fəlakətli günlərinə dəstəklərini ifadə etmək üçün belə bir təşəbbüsü irəli sürdüklərini bildirib və o, bu ianəni Türkiyənin vaxtilə onların ölkələrinə etdiyi dəstəyin qarşılığında kiçik və simvolik bir məbləğ adlandırıb.

Səfir deyib ki, Şri-Lanka 2004-cü ildə sunami təbii fəlakəti zamanı yaşadığı ən çətin günlərində Türkiyədən dəstək alıb, eləcə də COVID-19 pandemiyasında və ən son keçən il ölkəsinin tibbi ləvazimatla təmin olunmasında Türkiyə dəstəyini əsirgəməyib. Digər xarici diplomatlar da ən çətin vəziyyətlərində Türkiyənin onların ölkələrinə kömək əli uzatdığını bildiriblər.

AFAD rəhbəri diplomatlara bu səmimi jestlərinə görə təşəkkür edib və zəlzələnin nəticələri haqqında onları məlumatlandırıb.

Səfirlər AFAD təcili yardım koordinasiya mərkəzində aidiyyəti dövlət qurumlarının xidmətləri ilə maraqlanıblar.

Qeyd edək ki, Yeni Zelandiya və Monteneqronun Türkiyədəki səfirlikləri tərəfindən bu ölkələrin Azərbaycanla diplomatik münasibətləri də həyata keçirilir.

Mehparə Sultanova
Ankara