Fevralın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

ABİ-nin sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Xocalı soyqırımının xalqımızın tarixinin dəhşətli səhifələri kimi yaddaşlarda iz qoyduğunu vurğulayıb. Qeyd edib ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd edib ki, 31 il əvvəl baş vermiş bu dəhşətli hadisə bəstəkarlarımızı da çox sarsıdıb. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Azərbaycan xalqının qanlı tarixini, ağrı-acısını əks etdirən, ən yüksək milli-mənəvi dəyərləri özündə ehtiva edən bu opera gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Xocalı faciəsindən sonra bəstəkarlarımız bu mövzuda müxtəlif janrlarda əsərlər ərsəyə gətiriblər. Məmməd Quliyevin “Simfoniya-rekviyemi”, Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət!” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması və s. musiqi əsərləri yazılıb.

Bəstəkarlarımızın Xocalı faciəsi ilə yeni əsərləri sırasında Rəna Qədımovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçün “And”, Kəmalə Əlizadənin violonçel və kamera orkestri üçün “Vokaliz” və İlham Azmanlının kamera orkestri üçün “Ağı” əsərlərini qeyd etmək olar.

ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov bəstəkarlara öz yaradıcılığında Xocalı faciəsinə və ümumiyyətlə Vətənimizin tarixinə həsr olunmuş əsərlər üzərində daha fəal işləməyi, iri həcmli simfonik və vokal-simfonik musiqini ərsəyə gətirməyi tövsiyə edib, Bəstəkarlar İttifaqı tərəfindən isə yeni əsərlərin geniş dinləyici kütləsinə təqdimatı yönündə səylərini gücləndirməsinin vacibliyini vurğulayıb.

Anım tədbirində Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamovanın ifasında təqdim olunub. Gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa edib.

Tədbirdə iştirak edən bəstəkarlar – Xalq artisti Azər Dadaşov və Əməkdar incəsənət xadimi Elnarə Dadaşova Xocalı mövzusunda yazılmış əsərlər haqqında məlumat veriblər. Musiqişünaslar – Əməkdar incəsənət xadimi Həcər Babayeva və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dinlənilmiş əsərlər haqqında öz mülahizələrini bildiriblər.