Xalqımızın yaddaşında sağalmaz iz qoyan, tariximizin ağrılı-acılı səhifələrindən olan Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyində tədbirlər keçirilib.

Muzeyin ziyarətçiləri və qonaqlar üçün Xocalı faciəsinə həsr edilmiş Nadir Maçanovun rejissoru olduğu “Ana və uşaq”, “Nərmin”, Elvin Əhmədoğlunun rejissorluğu ilə çəkilmiş “26 fevral 1992-ci il”, “Vaxt çatdı” sənədli filmləri nümayiş etdirilib.

Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 26-na keçən gecə amansızlıqla qətlə yetirilən 63 uşaqdan birinin – 5 yaşlı naməlum qızcığazın hekayəsindən bəhs edən “Xocalı nişanəsi” qısametrajlı sənədli filmi göstərilib. Filmin müəllifi Mübariz Əsgərov, rejissoru Elçin Elxandır.

Tədbirlərə nümayiş olunan filmlərin ssenari müəllifləri, rejissorları, bəstəkarları, aktyorları da qatılıblar. Onlar filmlərlə bağlı məlumat verib, tamaşaçıları maraqlandıran sualları da cavablandırıblar.

Xocalı soyqırımının ildönümü ilə bağlı muzeyin kollektivi paytaxtdakı “Ana harayı” abidə kompleksini də ziyarət ediblər. Faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.