İyulun 13-14-də Türkiyənin Samsun şəhərində Azərbaycan, İran, Türkiyə və Gürcüstanın turizm təmsilçilərinin iştirakı ilə sərhədyanı turizmin inkişaf perspektivlərinə dair 2-ci beynəlxalq konfrans keçirilib.
   
   Tədbirdə ölkəmizdən Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı və «Millennium Tourism & Congress DMC»nin əməkdaşı Janna Qadıyeva iştirak ediblər.
   Konfransda çıxış edən Samsun valisi Hüseyn Aksoy sərhədyanı turizmin inkişaf perspektivlərinə dair 1-ci konfransın ötən il dekabrda Bakıda, 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində keçirildiyini nəzərə çatdırıb. Həmin konfransın yekunlarına dair qəbul olunan “Bakı Bəyannaməsi” region ölkələri arasında turizmin inkişafı sahəsində perspektivləri müəyyən edir.
   Vali qeyd edib ki, bu il aprelin 10-da Türkiyənin Samsun və Azərbaycanın Sumqayıt şəhər bələdiyyələri arasında niyyət protokolu imzalanıb və iki qardaşlaşmış şəhər arasında əlaqələr daha da gücləndirilib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin güclü turizm potensialı var və qarşılıqlı layihələrlə bu potensialdan istifadə etmək planlaşdırılır.
   ATİ-nin dosenti Məhərrəm Zülfüqarlı çıxışında 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə «Turizm ili» elan edilməsi ilə bağlı həyata keçirilən layihələrdən bəhs edib.
   Konfransın yekununda “Samsun Bəyannaməsi” qəbul edilib. Sənəddə sərhəd turizminin gələcəkdə İpək Yolu marşrutu ilə daha da inkişaf etdirilməsi öz əksini tapıb. İştirakçılar qərara alıblar ki, Orta Asiya respublikalarını və Rusiyanı da konfransa cəlb etsinlər. Qeyd olunub ki, sərhəd turizminin inkişafı üçün ilk növbədə bölgədə olan münaqişələrin sülh yolu ilə həll edilməsi arzu olunandır.
   Sərhədyanı turizmin inkişaf perspektivlərinə həsr olunmuş növbəti tədbirin Gürcüstanın Batumi şəhərində keçirilməsi nəzərdə tutulur.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar