AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar və Xocalı faciəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə giriş nitqi söyləyən institutun icraçı direktoru filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov tarix boyu ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. O, müasir dünyada hələ də açıq-aydın faktları gözardı edən, ermənilər tərəfindən xalqımızın başına gətirilən bu misli görünməmiş soyqırımına biganə yanaşan anti-humanist qüvvələrin az olmadığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında qazanılan şanlı Qələbə xalqımızın Xocalı yarasını sağaltmasa da, şəhidlərimizin qanının yerdə qalmaması baxımından böyük bir təsəlli oldu. Lakin hələ də Xocalı soyqırımının səbəbkarları, beynəlxalq məhkəmə qarşısında cavab verməyib, hərbi cinayət törədən Ermənistanın keçmiş rəhbərləri cəzasını almayıb.    

Sonra Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifov “Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar”, M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının baş kitabxanaçısı Susana Məmmədova “Xocalı faciəsi sağalmayan yaramızdır”, Heydər Əliyev adına Hərbi İnstitutun müəllimi Novruz Bəkirov “Xocalı faciəsinin səbəbkarları hələ də cəzasızdır”, institutun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzularında məruzə ediblər.

Sonda sözləri Əhməd Cavada, musiqisi Aygün Səmədzadəyə aid “Bismillah” kompozisiyası səsləndirilib, “Erməni terrorizmi və Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr” mövzusunda kitab sərgisinə baxış olub.