Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərində azərbaycanlı rəssam Elay Məmmədovun fərdi sərgisi açılıb.
Soyqırımının 31-ci ildönümünə həsr olunan “Xocalının yaddaşı” adlı sərgi Heydər Əliyev Fondunun və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Milanın XVIII əsrə aid “Libreria Bocca” kitabxana-qalereyasında keçirilir.
Milan Rəssamlıq Akademiyasının məzunu E.Məmmədovun əsərləri yaddaşlarda qanlı iz buraxan Xocalı faciəsi qurbanlarının dilindən danışan xəyali portretlər kimi təqdim olunur. Sərginin açılışına məşhur italiyalı rəssam Alessandro Russo da qatılıb. O, E.Məmmədovun əsərlərində yaratdığı üslubdan məmnun olduğunu bildirib.
Tədbirdə Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılıb, qonaqlara Azərbaycan incəsənəti haqqında da məlumat verilib.
Sərgi martın 6-dək davam edəcək. Qeyd edək ki, tarixi əhəmiyyətə malik “Libreria Bocca” kitabxana-qalereyasında indiyədək tanınmış italyan rəssamların əsərləri sərgilənib.