Rəssam Kamal Əhməd novator sənətkar kimi xarakterizə olunur. Onun təsvirlərində həyatının sərt və mülayim, zərif və incəliyi öz əksini tapıb. Sənət üfüqlərinin genişləndiyi bir vaxtda ömrü yarıda qalan rəssamın yaradıcılıq özünəməxsusluğu həm də dərin lirizmi ilə seçilir.

Kamal Əhməd oğlu Əhmədov (Kamal Əhməd) 28 fevral 1940-cı ildə Bakıda, İçərişəhərdə dünyaya göz açıb. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar ailə Ağdam rayonuna köçür. Bir müddət sonra anası vəfat edir. Sonra da atası dünyadan köçür. Kamal 18 yaşınadək Şüvəlanda uşaq evində böyüyür. Burada onun sənətə olan marağı üzə çıxır. Bunu hiss edən uşaq evinin direktoru onu sərgi və konsertlərə aparır, ədəbiyyata marağını təqdir edir.

Günlərin birində uşaq evinin kollektivi ilə Xalq şairi Səməd Vurğunun görüşü keçirilir. Həmin tədbirdə Kamal şairin şeirlərini şövqlə söyləyir. Bu, şairin diqqətindən qaçmır. Onu oxşayır və parlaq gələcəyinin olacağını deyir.

Kamal sənədlərini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə verir. Görkəmli rəssam Vəcihə Səmədova onun işləri ilə tanış olduqdan sonra istedadını dəyərləndirir, kömək etməyə çalışır. Kamal isə heç kimə bənzəməmək, tamamilə fərqli olmaq istəyir. Bu, bəzən ona çətinliklər yaratsa da, inadından, sənət yolundan dönmür.

Araşdırmalarda bildirilir ki, Kamal Əhməd sovet rəhbərlərinin portretlərini çəkməkdən imtina edib. Buna görə də o, 1964-cü ildə təhsilini çətinliklə başa vurub. Hələ tələbə ikən Xalq rəssamı Səttar Bəhlulzadə ilə də tanış olur. Bu tanışlıq onun mənəvi dünyasına, yaradıcılığına, həyata baxışlarına müsbət təsir göstərir. O da Səttar kimi Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, “dərviş”ə çevrilir...

Yenilikçi rəssam Cavad Mircavadovu da özünə ustad edən Kamal Əhməd yaradıcılıq yollarında bu iki sənətkarın təsvir metodlarını dərk etməyə çalışır.

S.Bəhlulzadə gənc rəssamı Azərbaycanın poeziya, fəlsəfə və muğam dünyası ilə tanış edirsə, C.Mircavadov ona Abşeronu bəxş edir. Buna görə də K.Əhməd üçün Abşeron torpağı və sakinləri ilham mənbəyi olub.

Rəssam uzun müddət Abşeronun Görədil kəndində yaşayıb-yaradır. Yerli sakinlər ona yarıuçuq evdə yaşamağa icazə verirlər. Evin qapısını, köhnə də olsa, kilimlə örtür. Elektrik cərəyanı olmadığından gecələr öz balaca otağında ağ neft lampası yandırır. Yaradıcılığında Qobustanın mədəni mirası, ruhu yaşayır...

Dolğun yaradıcılıq yolu keçən rəssam 1987-ci ilin aprelində Bakıda ilk sərgisini təşkil edir və əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanır. Şöhrəti ölkə hüdudlarını aşır. 1988-ci ildə Moskvada Ümumittifaq sərgisinin diplomuna, 1989-cu ildə isə Xəzəryanı respublikaların I Biennalesində (rəsm sərgisi) Qran-pri mükafatına layiq görülür.

K.Əhmədin gərgin yaradıcılıq fəaliyyəti dövründə ərsəyə gətirdiyi “Ağac”, “Söhbət”, “İşığa doğru”, “Self-Portrait”, “Xeyir və Şər”, “Atın ay xiffəti”, “Leyli və Məcnun”, “Görədildə kanal”, “Görədil kəndi”, “Abşeronda bahar”, “Abşeronda Novruz bayramı”, “Kompozisiya” və s. əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

1980-ci illərin sonundan əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada sərgilərdə nümayiş etdirilir, eyni zamanda muzey və şəxsi kolleksiyaları bəzəyir. 1989-cu ildə isə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirak edir. Sərgidə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Bu əsərlər arasında diqqətçəkən, böyük əks-səda doğuran onun əsəri olur. Şəhərin meri sərginin açılışında müəllifi “müasir incəsənət tarixində yeni şəxsiyyət” kimi xarakterizə edir. Deyilənə görə, hətta onun əlini öpür. 

Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov görkəmli sənətkarla bağlı deyib: “Kamal Əhməd çox təvazökar adam idi. Onda olan enerjiyə heyran idim. Gecə-gündüz rəsm haqqında fikirləşər, sənətlə yaşayardı... Onun ən böyük muzeylərdə təmsil olunmağa, hər bir rəssam qarşısında öyünməyə ixtiyarı çatır”.

Rəssamın təsviri sənətin inkişafındakı əməyi yüksək qiymətləndirilir, 1992-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür.

Sənətkarın sonuncu əsəri, təəssüf ki, tamamlaya bilmədiyi “Avtoportret. Çarmıxa çəkilmə” rəsmidir. 29 noyabr 1994-cü ildə, 54 yaşında vəfat edən fırça ustası, şair kimi rəssam Azərbaycan təsviri sənətinə daha böyük töhfələr verə bilərdi. Amma onun bu qısa ömründə ərsəyə gətirdiyi əsərlər müəllifini əbədi yaşadacaq, xatırladacaq dəyərli sənət mirasıdır. 

S.Fərəcov