Uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda  (Zəngəzur dəhlizi) işlərin 73 faizi icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır.

Layihə üzrə yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Ortalama 48 kilometrlik hissədə hamarlayıcı lay, 38 kilometrlik hissədə əsasın alt layı, 36 kilometrlik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 kilometrlik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzərində 27 körpü var. 12 körpüdə işlər yekunlaşıb. Yolun tikinti işlərinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası da sürətlə davam edir. Hazırda Həkəri çayı üzərindən keçən hissədə (Zəngilan rayonu) 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmiryolu körpüsü tikilir.

Layihə üzrə 110,4 km olan dəmiryolu xəttinin üzərində 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) olacaq.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. İndiyə kimi Horadiz-Ağbənd dəmiryolu xəttinin 60 kilometrlik hissəsində rels-şpal çərçivələri quraşdırılıb. Dəmiryolunun 62-72-ci kilometrliyində torpaq yatağı və mühəndislik qurğularının tikintisi davam etdirilir. Dəmiryolu xətti Türkiyənin “Kalyon İnşaat” şirkəti tərəfindən davam etdirilir.