Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qubada «Kulinariya turu» keçirildi
   
   Mətbəx də bir mədəniyyətdir. Azərbaycanın zəngin mətbəxi isə dünyada məşhurdur. Bu zənginlikdə ölkəmizin ayrı-ayrı bölgələrinin mətbəx mədəniyyətinin özünəməxsus payı var. «Victory Tour» turizm şirkətinin təşkilatçılığı ilə iyulun 18-19-da Quba rayonunda təşkil edilən “Kulinariya turu” sayəsində biz də bu bölgəmizin mətbəxi ilə daha yaxından tanış olduq.
   
   Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən “Victory Tour" şirkəti daxili və gəlmə turizminin inkişafı məqsədilə “Explore Azerbaijan” layihəsinə start verib və “Kulinariya turu” bu layihə çərçivəsində həyata keçirilir.
   Mədəniyyət və Turizm Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən infotur zamanı iştirakçılar yerli paxlava, bükmə, eləcə də “Aleksandr Düma” adlı xörəyin hazırlanması prosesi ilə tanış oldular. Daha sonra qədim tat kəndi olan Çiçini ziyarət edərək qonaqpərvər bir ailədə bu kəndə məxsus olan “Çiçi çığırtması”nın hazırlanmasında iştirak etdik.
   Gəlin, «Quba bükməsi» və «Quba paxlavası»ndan başlayaq. Bölgəyə məxsus bu dadlı şirniyyatların hazırlanma texnologiyası ilə bizi usta Saleh tanış etdi. Öyrəndik ki, usta Salehin müştəriləri nəinki Quba camaatı, eləcə də əcnəbilərdir.
   Dərhal onu sorğu-suala tutduq:
   - Usta, neçə ildir bu sənətlə məşğul olursunuz?
   - 25 ildir ki, camaat məni usta Saleh kimi tanıyır və mənim bişirdiyim paxlava və bükmələri sifariş edir. Düzünü deyim ki, çətin peşədir, əziyyətləri çoxdur, amma işimi sevirəm. Özü də deyim ki, bu sənəti özüm öyrənmişəm, atam-babam paxlava bişirən olmayıb.
   - Bükmənin hazırlanma texnologiyasını bizə də danışın.
   - Bükmə üçün əvvəlcə un, su, duzdan ibarət horra xəmir hazırlayıram. Daha sonra sobanı möhkəm qızdırıb xüsusi qıfla horranı sobanın üstündə olan məcməyiyə tökürük. Bu qıf misgərlər tərəfindən məxsusi olaraq bükmə və paxlava üçün düzəldilib. Xəmiri bişirdikdən sonra onun içərisinə qoz töküb bükürük. Qoz bəzən fındıq və badamla da əvəzlənə bilər. Paxlava da eyni horra şəkilli xəmirdən hazırlanır və içərisinə ovulmuş qoz ləpəsi tökülür.
   - Paxlava və bükmə ilin hansı fəsillərində daha çox alınır?
   - Bütün fəsillərdə, nişan və xeyir işlərdə mütləq süfrəyə paxlava verilir. Amma yay aylarında başımı qaşımağa vaxtım olmur, çünki turistlər paxlava və bükməni çox sevir deyə, daim mənə sifariş verirlər.
   - Çox əziyyətli işdir, iş prosesini yüngülləşdirmək üçün nə edirsiniz?
   - Musiqi dinləməklə dincəlirəm.
   - Kimləri dinləyirsiniz?
   - Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Röyanı çox xoşlayıram.
   Biz də öz məharətimizi göstərmək istədik. Bükmə və paxlavanın hazırlanması üçün qol çırmaladıq, amma həm əlimizi yandırdıq, həm də o ki var tər tökdük.
   Düz deyiblər ki, hər işin öz ustası. Biz elə öz sənətimizlə məşğul olsaq yaxşıdır, deyib, usta Salehin bişirdiyi dadlı bükmələrə qonaq olduq. Yeri gəlmişkən, qeyd edək ki, bir bükmənin qiyməti 1-2 manat, bir kilo paxlavanın qiyməti isə 9 manatdır.
   Daha sonra üz tutduq, Çiçi kəndinə. Ofeliya və Nuriyyə nənələrin hazırladığı «Çiçi çığırtması»nın bişirilmə qaydasını öyrəndik. Nənələr kənd çolpasını əvvəlcə soğanla qovurdular, daha sonra ona pomidor əlavə edib, üzərinə azca su tökdülər. Axırda isə yumurta vurub süfrəyə verdilər. Necə deyərlər, ye, ləzzətini gör.
   Başqa bir məkanda - “Fontan” restoranında isə fransız yazıçısı Aleksandr Dümanın şərəfinə «Aleksandr Düma» adlandırılan qədim yeməyin də hazırlanma sirlərini öyrəndik. Qubalıların dediyinə görə, bir vaxtlar Qafqaza qonaq gələn yazıçı Qubada olarkən bu yeməyi yeyib və çox bəyənib. Toyuqdan hazırlanan bu yemək də elə sonralar «Aleksandr Düma» yeməyi kimi tanınıb. Toyuq soğanla qovrulur, üzərinə yaşıl, qırmızı, sarı rəngli bibər, pomidor, eləcə də şabalıd, turşu əlavə olunur. Axırda yayılmış xəmirlə tavanın üzərini örtüb, sobaya qoyurlar.
   Qeyd edək ki, bu yemək də qubalıların bişirdiyi dadlı mətbəx nümunələrindəndir. Ustaların dediyinə görə, bu gün də Qubaya təşrif buyuran əcnəbi turistlər həmin yeməyi çox sevirlər.
   “Victory Tour” şirkətinin daxili turizm departamentinin əməkdaşı Elnur Zeynalovun sözlərinə görə, turun əsas məqsədi xarici turistləri Azərbaycanın müxtəlif bölgələrinə məxsus olan zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da Azərbaycanın qədim tarixini və mədəniyyətini nümayiş etdirməkdir. Turun maralı və fərqli xüsusiyyətlərindən biri də odur ki, turistlər nəinki milli mətbəximizin təamlarını dadır, həm də onların hazırlanma texnologiyaları ilə tanış olub aşpazların köməyi ilə mətbəximizin xörəklərini hazırlamaq imkanı əldə edirlər. Şirkət təmsilçisinin sözlərinə görə, belə turlar gələcəkdə də davam etdiriləcək. 

   Kənan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar