Xəbər verdiyimiz kimi, Malayziyada fəaliyyət göstərən «4x4 World Eksplorer Sdn Bhd» şirkətinin təşkilatçılığı ilə Türkiyədən başlanan «Beaume Transasiya-2012» avtoekspedisiyasının iştirakçıları iyulun 20-22-də Azərbaycanda olublar. Turun Azərbaycan hissəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və «Millennium Tourism&Congress DMC»nin rəhbərliyi ilə həyata keçirilib.
   
   Avtotur iyulun 11-də Türkiyənin İstanbul şəhərindən start götürüb və Gürcüstan, Azərbaycan və Rusiyadan keçməklə Çinin Tyanjin vilayətində başa çatacaq. 59 gün davam edəcək marşrutun uzunluğu 17 min kilometrdir. Avtoturda 12 ölkəni (Malayziya, ABŞ, Sinqapur, Yunanıstan, Türkiyə, Norveç, Hollandiya, Böyük Britaniya, Rusiya, Özbəkistan, Qırğızıstan və Çin) təmsil edən 33 iştirakçı yer alıb. 10 avtomobildən istifadə edən iştirakçılar bu vaxta qədər 2 min kilometr məsafə qət ediblər.
   «Millennium Tourism&Congress DMC»dən qəzetimizə verilən məlumata görə, avtoekspedisiyanın iştirakçıları iyulun 20-də Balakən sərhəd-keçid məntəqəsindən ölkəmizin ərazisinə daxil olublar. Marşrut proqramına uyğun olaraq Azərbaycanla tanışlıq Şəki şəhərindən başlayıb. Ekspedisiya üzvləri Şəkinin əsrarəngiz təbiət guşələrindən olan «Cənnət bağı» istirahət mərkəzində yerləşdiriliblər. Çay süfrəsi ətrafında davam edən söhbət zamanı qonaqlara Şəkinin qədim tarixi, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib. Axşam avtoekspedisiyanın üzvləri təbiət qoynunda çadırlar quraraq orada gecələyiblər.
   İyulun 21-də Şəkinin tarixi-memarlıq abidələri ilə, o cümlədən Şəki Xan Sarayı, Aşağı və Yuxarı Karvansara, rayonda fəaliyyət göstərən qədim şəbəkə sənəti ustalarının əl işləri ilə tanışlıqdan sonra yürüş iştirakçıları Şəki-Qəbələ-İsmayıllı-Şamaxı-Bakı istiqamətində hərəkət edərək marşrut üzərində yerləşən qədim tarixi və mədəni abidələri, dini məbədləri ziyarət edib, ölkəmizin mədəni və turizm potensialı ilə yaxından tanış olublar. Ekspedisiyanın üzvləri bir gün Bakıda qaldıqdan sonra iyulun 22-si günün ikinci yarısında Azərbaycan-Rusiya sərhədinə doğru hərəkət ediblər. Yolüstü Beşbarmaq pirini, qədim Şabran şəhərinin qalıqlarını ziyarət edən qonaqlar ölkəmizdən zəngin təəssüratla ayrılıblar. Onlara Azərbaycanın təbiəti, mətbəxi, insanlarının mehribanlığı xüsusilə zövq verib.
   Ekspedisiyanın gedişi Malayziya televiziyası tərəfindən işıqlandırılır.
   “Millennium Tourism”in rəhbəri Ruslan Quliyevin sözlərinə görə, belə layihələri həyata keçirməkdə əsas məqsəd ölkəmizdə turizm sektorunun daha da inkişafına, Azərbaycanın mədəni-tarixi potensialının, turizm imkanlarının dünyada təbliğinə töhfə verməkdir: “Əsas hədəfimiz belə beynəlxalq marşrutlarda Azərbaycanın önəmini daha da artırmaq və ölkəmizi bu layihələrin ayrılmaz tərkib hissəsinə çevirməkdir. İnanırıq ki, bu layihə Azərbaycanın turizm diyarı kimi tanıdılmasına, ölkəmizə turist axınının artmasına, azacıq da olsa, töhfəsini verəcək”.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar