Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumışla görüş keçirilib.
Günay Əfəndiyeva qonağı salamlayaraq rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, türk xalqların;n çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində keçirilən və nəzərdə tutulan tədbirlərdən söz açıb.
Kanat Tumış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirib, təşkilatın türk ölkələri arasında əməkdaşlığa töhfələr verdiyini deyib. O, Qazaxıstanın Fond tərəfindən keçirilən layihələrə hərtərəfli dəstək verəcəyini bildirib.
Görüşdə Fondun yalnız türk dövlətləri ilə deyil, digər ölkələrlə də münasibətlərinin, digər beynəlxalq təşkilatlarla əməkdaşlığının önəmi qeyd edilib. Bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının X Zirvə görüşünün əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi, türk təsəvvüfünün banisi Xoca Əhməd Yəsəvinin 930 illiyi, məşhur türk hökmdarı Sultan Beybarsın 800 illiyi kimi əlamətdar tarixlər təntənə ilə qeyd edilir.
Söhbət zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv və müşahidəçi ölkələri ilə Qazaxıstan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.