Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” münasibətilə elan edilmiş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Emin Akifoğlu, Dövlət Rəsm Qalereyası Ekspozisiya və sərgilər şöbəsinin müdiri Elçin Hüseyn və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi ilə bağlı fikirlərini bölüşüblər.
Sərgidə əsərləri nümayiş olunan müəlliflərə sertifikatlar, fəal yaradıcılıq mərkəzlərinə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, müsabiqədə müəlliflərin yaşı nəzərə alınmaqla və kənar müdaxiləsiz əl işlərinə üstünlük verilib.
Sərginin onlayn kataloqu ilə https://www.yumpu.com/xx/document/read/67530713/dusun-v-yarat-musabiqsind-tqdim-olunan-l-islri linki vasitəsilə nanış olmaq mümkündür.