Azərbaycanın mədəniyyət paytaxtı, tarixi Zəfərimizin tacı, xalqı üçün müstəsna tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri olan Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır.
Dövlət Turizm Agentliyindən bildirilib ki, “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olan layihənin məqsədi Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turist səfərlərinin təşkili, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasıdır.
İlk mərhələdə səfərlər Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla həyata keçiriləcək. Növbəti mərhələdə turların sayının artırılması nəzərdə tutulur. 18 yaşı tamam olmuş vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.
Şuşa şəhərində hoteldə gecələmə ilə 2 və 3 günlük turların proqramında işğaldan azad edilmiş Füzuli şəhərinin dağıntıları, Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə qoyulan abidənin ziyarət olunması, Şuşada Cıdır düzü, Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi, “Güllələnmiş heykəllər” meydançası, həmçinin Şuşa qalası, şəhərin “Gəncə qapıları” və “Xarıbülbül” simvolu, Qazançı kilsəsi, Şuşa Realnı məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük tur (1 gecələmə ilə) üçün 215 manat, 3 günlük tur (2 gecələmə ilə) üçün isə 370 manat nəzərdə tutulub.