F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Qobu qəsəbəsi 1 saylı orta məktəblə birgə “Biz Heydərçilərik” adlı tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, tədbir Dövlət himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ümummilli lider öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq bugünkü inkişaf yoluna çıxarmış qüdrətli şəxsiyyətdir. Təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcək.

Sonra məktəblilərin ifasında Vətənimizə, Heydər Əliyevə həsr olunmuş şeirlər, dahi siyasətçi haqqında tanınmış şəxslərin, dünya dövlətləri liderlərinin söylədikləri fikirlər, eyni zamanda onun özünün kəlamları səsləndirilib.

Tədbir məktəblilərin təqdimatında hazırlanmış müdrik dövlət xadiminin həyatından, fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb. Şagirdlərə “Göy qurşağı” jurnalı hədiyyə olunub.