Müqəddəs ayın turizm mövsümünün qaynar vaxtına düşdüyünü əsas gətirən istirahət məkanları qiymətlərdə xüsusi endirim etməyiblər
   
   Artıq bir neçə gündür ki, Ramazan ayı başlayıb. Müsəlman aləmində bu müqəddəs ayda inanclı insanlar savab işlərinin sayını artırır, imkanlılar kasıblara əl tutur. Turizm sektorunda çalışanlar da bu baxımdan müəyyən güzəştlər nəzərdə tuturlar.
   
   Məsələn, Ramazan ayı üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (Dubay) və digər müsəlman ölkələrində fəaliyyət göstərən hotel və mehmanxanalar turistlərə endirimli qiymətlər təklif edirlər. Türkiyə mətbuatının yazdığına görə, bu il Ramazan ayının turizm mövsümü ilə üst-üstə düşməsi səbəbindən hotellər qiymətlərdə əhəmiyyətli dərəcədə endirim edib. Antalyada yerləşən bəzi hotellərdə qiymətlər hətta 60%-dək endirilib. Belə ki, əvvəllər 110 avroya istifadəyə verilən hotel nömrələri üçün bayramda yalnız 49 avro ödəmək kifayət olacaq.
   Qeyd edək ki, Türkiyədə hotel rəhbərləri, bir qayda olaraq, Ramazan ayı münasibətilə öz qonaqlarına belə imkanlar təqdim edirlər. Bu aksiyalar Ramazan ayında daha çox turist cəlb olunmasına xidmət edir.
   Bəs Azərbaycanda necə, turizm obyektlərində hər hansı endirimlər təklif olunurmu? Bu sualla bir neçə istirahət mərkəzi və turizm şirkəti ilə əlaqə saxladıq.
   Nabranda yerləşən «Atlant» və «Palma», İsmayıllıdakı «Qaya Resort», Lerikdəki «Relax» istirahət mərkəzlərindən öyrəndik ki, Ramazanla bağlı hər hansı qiymət endirimi nəzərdə tutulmur.
   Novxanıdakı «Aqua Park» istirahət mərkəzindən isə bildirdilər ki, Ramazan ayı ilə bağlı əvvəlki illər endirimlər olub. Bu il isə xüsusi endirimlər olmayacaq. Müştərilərə qiymətlər əvvəlki tariflərlə təklif olunur. Çünki bu il Ramazan ayı yay turizm mövsümünün ən qaynar dövrünə təsadüf edib. 3 aylıq mövsümün 1 ayını endirimlə işləmək istirahət mərkəzinə sərf etmir.
   Turizm şirkətləri təmsilçiləri də istirahət məkanlarından Ramazanla bağlı xüsusi təkliflər almadıqlarını dedilər. «Viktoriy Tour» şirkətinin rəhbəri Vüqar Hacıyevin sözlərinə görə, Ramazan ayı üçün qiymətlərin endirilməsi ilə bağlı təklifləri daha çox Dubaydakı istirahət mərkəzlərindən və hotellərdən alıblar: «Dubayda 4 ulduzlu hoteldə indiyə qədər iki nəfərlik otaqda qalmaq, səhər yeməyi də daxil, 100 dollar idisə, Ramazan ayında bu qiymət 58 dollara düşüb».
   «Sevgin Travel» turizm şirkətinin rəhbəri Bahadur Bilalovun dediyinə görə, Ramazan günləri ilə əlaqədar olaraq, xüsusilə Türkiyədə bütün kommersiya müəssisələrində endirimlər olur: «Bizdə isə bunu müşahidə etmək çətindir. Biz qiymət endirimlərini hələlik sadəcə arzu edə bilərik».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar