2023-cü il mart ayının 10-da Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi tamam olur. Əlamətdar yubiley cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə il ərzində geniş şəkildə qeyd ediləcək.
Peşəkar milli teatrımızın əsryarımlıq tarixi. Bu 150 illik tarixdə mənim də 50 illik payım olduğuna görə özümü xoşbəxt hesab edirəm.
Xatirələr məni nə az, nə də çox, düz yarım əsr əvvələ, peşəkar milli teatrın 100 illik yubileyi keçirilən dövrə apardı. 1973-cü ildə keçirilməli olan yubiley tədbiri 1974-cü il may ayının 31-də indiki Heydər Əliyev Sarayında gerçəkləşdi. O vaxt mənim 25 yaşım var idi. Rəhmətlik Tofiq Kazımov Akademik Dram Teatrının baş rejissoru idi. 100 illik yubiley tədbirlərinə hazırlanan tamaşalardan biri Mehdi Məmmədovun quruluşunda Səməd Vurğunun ”İnsan” pyesinin tamaşası idi. Quruluşçu rejissor əsərə Səməd Vurğunun poeziya nümunələrindən də əlavələr etmişdi. Mən tamaşada alman zabitlərindən birini ifa edirdim.
Təntənəli yubiley yığıncağında Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev “Çoxmillətli sovet incəsənətinin bayramı” adlı məruzə ilə çıxış etmişdi. Daha sonra digər respublikalardan dəvət olunmuş qonaqların təbrikləri dinlənilmişdi.
Yaxşı yadımdadır, 100 illik yubileylə bağlı Azərbaycan Dövlət Akademik Dram Teatrı “Lenin” ordeni, aktyor və rejissorların bir qismi fəxri adlarla təltif edilmişdi. Onların sırasında bu il 100 illik yubileyi olan novator rejissor Tofiq Kazımov da vardı. Hələ bir çoxları Tofiq Kazımovun gələcəkdə yaradacağı qeyri-adi tamaşaların ümidi ilə yaşayırdı. Hələ onun avtomobil qəzasında həlak olmasına 6 il var idi. Bu altı ildə o, maraqlı tamaşalar hazırladı, biz gənclərə bir-birindən fərqli obrazlar həvalə etdi.
Teatrda Tofiq Kazımovla birlikdə Mehdi Məmmədov, Əşrəf Quliyev, Məmmədkamal Kazımov və digər rejissorlar da müxtəlif tamaşalar hazırlayırdı. Lakin mənə və mənim kimi o dövrün gənclərinə, bizim yaradıcılıq bioqrafiyamıza yaxın olan, ustad hesab etdiyimiz Tofiq Kazımov idi. O, tamaşalarında hər zaman gənclərə önəm verir və onların yaradıcılıq potensialının artmasına çalışırdı. Səməndər Rzayev, Amaliya Pənahova, Fuad Poladov, Yaşar Nuriyev, Ramiz Məlikov, Hamlet Qurbanov, mən və digərləri Tofiq Kazımovun tamaşalarında püxtələşmiş aktyorlar idik.
Tofiq Kazımov 1974-cü ildə Aleksandr Vampilovun “Övlad” tamaşasını hazırladı. Əsas aktyor heyəti gənclər idi. Ramiz Məlikov, Yaşar Nuriyev, Şəfiqə Məmmədova, Məhbubə Məlikova, Hamlet Qurbanov, Zərnigar Ağakişiyeva, Əminə Babayeva və başqaları.
Sonrakı mərhələdə dahi rejissor Vilyam Şekspirin “Fırtına” tamaşasında mənə Adrian obrazını verdi. Ramiz Məlikov Sebastian, Hamlet Qurbanov Ferdinand, Səməndər Rzayev Kaliban, Şəfiqə Məmmədova Ariel obrazlarını canlandırırdı. Tofiq müəllim tamaşada yaşlı, orta nəsil və gənc aktyorların müştərək fəaliyyətinə şərait yarada bilmişdi. Məlik Dadaşov Prospero, Məmmədrza Şeyxzamanov Kral Alonso, Əliağa Ağayev Stefano, Məmməd Sadıqov Qonzalo obrazlarını ifa etmişdilər. Bu, sözün əsl mənasında, sənətin təntənəsi sayılmalı idi. Bu, Tofiq Kazımov rejissorluğunun əsas qayəsi hesab olunmalıdır. O, tamaşadan tamaşaya məni və yaradıcılıq potensialına inandığı mənim kimi gəncləri mərhələlərlə, tədricən daha mükəmməl obrazlara hazırlayırdı.
1975-ci ildə Tofiq Kazımov İlyas Əfəndiyevin “Bağlardan gələn səs” pyesini tamaşaya qoydu. Mənə, 26 yaşlı gəncə gözlənilmədən 60 yaşlı Qubad obrazını həvalə etdi. Baxımlı bir tamaşa alınmışdı. Əliağa Ağayev kimi yüksək peşəkar səviyyəli bir sənətkar mənim ifamda Qubad obrazını görüb, çox bəyəndi, bir daha bu obrazda çıxış etmədi. Başqa sözlə desək, sənətdə sözünü demiş sənətkar, ilk addımlarını atan hər gəncə yaradıcılıq imkanlarını üzə çıxarmağa imkan yaradırdı. Bu gün bütün bunları xatırlayanda novator rejissor Tofiq Kazımova rəhmət oxuyuram.
1976-cı ildə Tofiq Kazımov Maqsud İbrahimbəyovun “Ümid” pyesinin tamaşasını hazırlayanda mənə Rauf obrazı həvalə edildi. Bu tamaşada mərhum Rafael Dadaşov (Zaur), Nəcibə Məlikova (Nərminənin anası), Bürcəli Əsgərov (Bədirov), İsmayıl Dağıstanlı (Sabir), Hamlet Qurbanov və Kamal Xudaverdiyev (Tahirov) və digər aktyorlar maraqlı obrazlar ifa edirdilər. Bu tamaşada da quruluşçu rejissor gənc aktyorlarla birgə orta və yaşlı nəsil aktyorlara yer vermişdi. Gənc nəsil səhnədə orta və yaşlı nəsil aktyorlarla bir növ “ustad dərsləri”ndən keçirdi. Maraqla qarşılanan bu tamaşa bir müddət teatrın repertuarında uğurla oynandı.
Tofiq Kazımov 1976-cı ildə M.S.Ordubadinin “Qılınc və qələm” əsəri əsasında tamaşa hazırlayanda mənə Mühakim obrazını verdi. Fuad Poladov İlyas, Nizamini, Kamal Xudaverdiyev Fəxrəddini, Hamlet Xanızadə Hüsaməddini, Səməndər Rzayev Əmir İnancı, Nəcibə Məlikova Safiyə və digər aktyorlar fərqli obrazlar təsvir edirdilər.
1977-ci ildə Mirzə İbrahimovun “Bəşərin komediyası və yaxud Don Juan” tamaşasında Pedro rolunu oynadım. Tamaşaçılar Rafael Dadaşovun Don Juanını, Yaşar Nuriyevin Sqanarelini, Şəfiqə Məmmədovanın Teodorasını, Hamlet Xanızadənin Don Martinini və digər aktyorların ifa etdikləri obrazları maraqla qarşıladılar.
Tofiq Kazımov sanki yaxınlaşmaqda olan qəzavü-qədəri hiss edir və daha çox tamaşalar hazırlayıb, tamaşaçıların qəlbini oxşamaq, yaddaşlarda əbədi məskən salmaq istəyirdi. Deməliyik ki, o bunu bacardı. Böyük rejissor, əbədiyyətə qovuşmağından 43 il keçsə də, xeyirxahlıqla xatırlanır və unudulmur.
Həmin ildə unudulmaz rejissorumuz Anatoli Safronovun “Daşqın” tamaşasını səhnəyə qoydu. Görkəmli sənətkarımız Əliağa Ağayevlə mənə Çakan Yemelyan obrazını həvalə etmişdi. Əliağa Ağayev kimi sənətkarla eyni bir obrazı oynamaq çox böyük məsuliyyət idi. Lakin Əliağa Ağayev səhnədə tərəf-müqabilinə stimul verən, onu oynamağa ruhlandıran təcrübəli sənətkar idi. Bu tamaşada da gənclərlə birlikdə orta və yaşlı nəslin sənət nümayəndələri müştərək fəaliyyət göstərərək, sözün əsl mənasında, sənət nümunəsi yaradırdılar. İsmayıl Dağıstanlı Anton Petroviç, Səməndər Rzayev Beryozin Qriqori, Zərnigar Ağakişiyeva Olqa Semyonovna, Şükufə Yusupova Anyuta, Rafiq Əzimov Zaxar obrazlarında maraqla izlənilirdi.
Həmin il Tofiq müəllim Anarın “Şəhərin yay günləri” tamaşasını hazırladı. Bu tamaşada Feyruz obrazını canlandırdım. Bu tamaşada da təcrübəli rejissor müxtəlif yaş qruplarından ibarət maraqlı ansambl toplaya bilmişdi.
1978-ci ildə Tofiq Kazımov Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinə quruluş verdi. Rafiq Əzimovla mənə Müsyö Jordan obrazını tapşırdı. Bu tamaşada da rejissor maraqlı aktyor ansamblı toplaya bilmişdi. Dərviş Məstəlişahı Məlik Dadaşov, Hətəmxan ağanı Səməndər Rzayevlə Məcnun Hacıbəyov, Şərəbanunu Nəcibə Məlikova, Şahbaz bəyi Fuad Poladovla Rafael Dadaşov, Qulaməlini Yaşar Nuriyevlə Elxan Ağahüseynoğlu və digər obrazları teatrın aktyorları ifa edirdilər.
Novator rejissorun maraq dairəsi geniş və hərtərəfli idi. Tofiq Kazımov 1980-cı ildə birdən-birə Taufiq əl-Hakiminin “Karıxmış sultan” əsərinə müraciət etdi. Bu maraqlı tamaşada Çəkməçi rolunu oynadım...
Beləliklə, Akademik Dram Teatrında Tofiq Kazımovun yaradıcılıq kitabını vərəqləyərək, eyni zamanda özümün və mənimlə birlikdə teatra qədəm qoymuş gənc nəslin 50 ilə yaxın səhnə yoluna qısa nəzər saldım. Həm sevindim, həm də qüssələndim. Sevindim ki, peşəkar milli teatr 150 illik yubileyinə çatsa da, sanki ildən-ilə cavanlaşır və yenilənir. Teatrda nəsillər bir-birini əvəz edir. Mən də sənət yoldaşlarımla birgə ömrümün 50 ilini milli teatr sənətinə həsr etdiyim üçün xoşbəxtəm. Bizim nəsil artıq yaşlanıb, amma hələ də təcrübəmizlə gərəkli ola bilərik. Teatra yeni nəsillər gəlir. Onların da daha peşəkar, daha istedadlı olmasını istəyirəm. Teatrda maraqlı dram əsəri, peşəkar rejissura, baxımlı və düşündürücü aktyor ifaları görmək arzusundayam.
XXI əsr müasir texnologiyalar dövrüdür. Süni intellektlər dövrünə qədəm basmışıq. Texnologiyalar yenilənə bilər. Amma heç bir texnologiya teatrın möcüzəsini və sehrini əvəz edə bilməz. Mən buna qəti əminəm. Amma teatr da müasir texnologiyalar əsrinə cavab verməli, müasir insan düşüncəsini silkələməlidir. Bunu teatra gələn yeni nəsil bilməli və riayət etməlidir. Biz yaşlı nəsil bacardığımız qədər peşəkar milli teatrı qoruyub, inkişaf etdirdik. Bundan sonra peşəkar milli teatrı inkişaf etdirib, gələcək nəslə çatdırmaq bugünkü gənclərin öhdəsinə düşür. 150 yaşlı peşəkar teatrın gələcək inkişafının əmin əllərdə olmasına əminəm.
İlham Namiq Kamal
Xalq artisti, professor