Azərbaycanın turizm potensialı 7-9 mart tarixlərində Almaniya paytaxtında – dünyanın aparıcı turizm və səyahət sərgilərindən olan “ITB Berlin”də tanıdılıb.
Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Azərbaycan Hotel Assosiasiyası, “Azərbaycan Hava Yolları” QSC, Abşeron Hotel Qrupu, “InterContinental Baku” və bir sıra qabaqcıl turizm agentlikləri daxil olmaqla 15 tərəfdaş ölkənin turizm imkanlarının təbliğ edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə müxtəlif ölkələrin təmsilçiləri ilə görüşlər keçiriblər.
Sərginin ilk günü ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid “Euronews”, “Connesseuir circle”, “Touristik Aktuell” kimi tanınmış kütləvi informasiya vasitələrinə müsahibələr verib.
Eyni zamanda Azərbaycanın milli stendi Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının təqdimatı tədbirinə ev sahibliyi edib. Təşkilatının prezidenti Culiya Simpson çıxış edərək proqrama ölkə tərəfdaşı olaraq qoşulan Azərbaycana və bu məsuliyyəti öz üzərinə götürən ATB-yə təşəkkür edib.
Sərginin ikinci günü ATB-nin əməkdaşlıq etdiyi, aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən “Expedia Group” qlobal turizm platformasının hesabat tədbiri keçirilib. Tədbirdə “Expedia Group”un Azərbaycanla tanıtım sahəsində əməkdaşlığı ilə bağlı təqdimat da olub.
Qeyd edək ki, 2022-ci ilin iyun-dekabr ayları ərzində adıçəkilən platformada Azərbaycanın mədəniyyəti, təbiəti, macəra, yemək və şərab kimi turizm məhsullarını təbliğ edən materiallar yerləşdirilib. Kampaniyanın hədəf bazarları Almaniya, Hindistan, Böyük Britaniya, eləcə də Yaxın Şərq ölkələri olub.