BMT-nin Baş katibi bədbindir
Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün daha 300 il lazım olacaq.
Ukraynadakı müharibədən fövqəladə iqlim vəziyyətinə qədər bu gün bir-birinin üstünə gələn böhranlar, ilk növbədə, ən çox qadınlara və qızlara təsir edir. Demokratiyanın qlobal səviyyədə geriləməsi fonunda isə qadınların şəxsi həyatları ilə bağlı müstəqilliyi şübhə altına alınır, inkar edilir.
Bu fikirlər BMT-nin Baş katibi Antonio Quterreşin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalədə yer alıb.
Onun sözlərinə görə, iki statistik məlumat bu xüsusda uğursuzluğu açıq şəkildə göstərir: dünyada hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü və ya sevgilisinin əlindən ölür. Hər iki dəqiqədə hamiləlik və ya doğuş zamanı bir qadın ölür. Bu ölümlərin əksəriyyətinin qarşısını almaq mümkündür.
Antonio Quterreş qeyd edib ki, bu dəhşətli tendensiyaları geri çevirməliyik, hər yerdə qadınların, qızların həyatlarını və hüquqlarını müdafiə etməliyik: “Cənubi Sudandan Myanmaya qədər böhran vəziyyətində olan qadın və qızları dəstəkləyirik, onların səslərinin eşidilməsini təmin edirik”.