85 il... Bu qədər illərin kürəyini yerə “vurmaq” hər kəsə nəsib olmur. Özlüyündə canlı tarix olan belə adamların həyatı və xatirələri daim maraqlı, xoş və sözsüz ki, dəyərli olur. Üstəlik, o, ahıl yaşlı məşhur sənət xadimidirsə...

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin martın 14-də Xalq artisti, sevilən sənətkar Rafiq Əzimovun şərəfinə təşkil etdiyi yubiley tədbiri belə unudulmaz və şirin xatirələrlə zəngin idi.

Yubiley axşamına toplaşanlar ömrünü Akademik Milli Dram Teatrına həsr edib, kinofilmlərdən savayı heç vaxt özünü başqa məkanda və səhnədə təsəvvür etməyən Rafiq Əzimov sənətkarlığına vardılar. Tədbir yubilyarın həyat yolu ilə yanaşı çalışdığı teatrın yaxın-uzaq tarixinə də qısa səyahət imkanı idi.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova qonaqları salamlayaraq sənətkarı yubileyi münasibətilə təbrik etdi. Onun milli teatr və kino sənətimizdə ayrıca yerinin olduğunu, klassik aktyor məktəbinin yetirməsi kimi oyun məziyyətlərini qoruyub saxladığını bildirdi.

Ardınca Rafiq Əzimovun sənət dostları, tərəf-müqabilləri – Xalq artistləri Hacı İsmayılov, Əbdül Mahmudov, Əli Nur, Əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Mətanət Atakişiyeva, Elxan Quliyev aktyoru təbrik etdilər, onunla bir səhnəni bölüşməyin qürurverici olduğunu dedilər. Zaman-zaman xatırladıqları xoş anları, gülüş doğuracaq əhvalatları yubiley tədbirinə toplaşanlarla bölüşdülər. Rafiq Əzimovun gənc aktyorlara, xüsusən tərəf-müqabillərinə daim həssas yanaşdığını, ən kiçik rol üzərində belə məsuliyyətlə çalışdığını və məhz bu məziyyətlərinə görə yeni nəsil aktyorlara örnək olduğunu dedilər.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə yubilyarın filmlərdə yaratdığı fərqli və maraqlı obrazları yada saldı. Onun dramatik aktyor kimi ifa etdiyi rolun bütün xırdalıqlarına nüfuz edə bildiyini, bu işdə onun aktyor cizgiləri və səs tembri ilə yanaşı kinoekran üçün vacib olan cəzbetmə keyfiyyətinin də xüsusi rol oynadığını dedi.

Yubiley tədbirində muzeyin fondunda qorunan və aktyorun yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin Rafiq Əzimovun müxtəlif illərdə oynadığı tamaşa və filmlərdən parçalar nümayiş olundu.

Səmimi tədbirə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin xalq və bəstəkar mahnılarından ibarət həzin musiqi nömrələri xüsusi rəng qatdı.

Sonda rəssam Vüsal Tərlanoğlu tərəfindən Rafiq Əzimovun yubileyi münasibətilə çəkilən portret sənətkara hədiyyə olundu.

Həmidə