Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, modelyer-dizayner Gülnarə Xəlilovanın “Qarabağ” adlı kolleksiyası İsveç paytaxtında – 7-ci Stokholm Beynəlxalq Moda Sərgisində nümayiş olunub.
İsveç paytaxtındakı “Grand Hotel”də keçirilən ənənəvi sərgiyə çoxlu sayda yerli və xarici dəb həvəskarı, həmçinin bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri qatılıblar.
Beynəlxalq Moda Sərgisində qonaqlara beş dizaynerin işi təqdim edilib. Azərbaycanın qədim geyim ənənələri və milli ornamentlərindən istifadə edilən, xalqımızın zəngin tarixini və yeni dəb tendensiyalarını özündə birləşdirən 9 libasdan ibarət “Qarabağ” kolleksiyası sərgi iştirakçılarının marağına səbəb olub.
Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasının beynəlxalq sərgidə nümayişi Azərbaycanın İsveçdəki Səfirliyinin dəstəyi ilə təşkil edilib.