Çin Azərbaycana turist səfərlərini bərpa edir

 

Dünyanın ən böyük turist bazarı olan Çin pandemiya ilə bağlı üçillik aradan sonra xaricə qrup turist səfərlərinin təşkilinə başlayıb. Çinin Mədəniyyət və Turizm Nazirliyinin martın 15-də qüvvəyə minən müvafiq qərarı ilə turizm agentlikləri Fransa, İspaniya, İtaliya, Braziliya kimi populyar turizm təyinat məntəqələri daxil olmaqla 40 ölkəyə, o cümlədən Azərbaycana qrup turist səfərləri təşkil edə biləcək.

Çinin populyar onlayn səyahət platforması olan “Tongcheng Travel”in məlumatına əsasən, nazirliyin qərarı elan olunandan sonra sözügedən ölkələrə viza müraciətləri 4 dəfə çoxalıb.

Çindən xaricə qrup turist səfərləri 2020-ci ilin əvvəlindən COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı. Xaricə qrup turist səfərlərinin bərpasına fevralın 6-dan başlanılıb. İlkin mərhələdə qonşu ölkələrə, o cümlədən Tailand, İndoneziya, Malayziya, Laos daxil olmaqla 20 dövlətə qrup turist səfərlərinə icazə verilmişdi.

Pandemiyadan öncəki 2019-cu ildə təxminən 160 milyon Çin vətəndaşı xaricdə turist səfərində olub. Həmin dövrdə qlobal turizm gəlirinin təxminən 15 faizi çinli turistlər tərəfindən təmin edilirdi.

Pandemiyaya qədər Çindən Azərbaycana turist səfərlərinin sayında da artım müşahidə olunurdu. Çində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. 2019-cu ilin martında isə Pekində “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında” anlaşma memorandumu imzalanıb.