Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz xalqımızın sevinc, şadlıq bayramıdır. Bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Bayram münasibətilə paytaxtdakı bir neçə muzeydə müxtəlif tədbir və layihələr həyata keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyi baharın gəlişini duymaq, əlvan boyaların sehrinə qərq olmaq üçün balacalara “Bahar nəğməsi” adlı tədbir proqramları təqdim edir. İki hissədən ibarət olan proqram Novruz bayramının mənşəyi və adətləri ilə bağlı mühazirə ilə başlayıb, əyləncəli ustad dərsləri ilə davam edəcək. Martın sonunadək proqrama qoşulan balacalar muzeyin binalarını gəzməklə milli-mədəni keçmişimizə səyahət etmiş olacaqlar.

Muzeyin ustad dərslərində iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

***

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən Novruzla bağlı maraqlı aksiya keçirilir. Məktəblilərlə bayram üçün ayrılmış zalda tematik dərslər, interaktiv üsullu disputlar təşkil olunur. Burada qədim xalq tamaşaları, aşıq ədəbiyyatı, əmək nəğmələri, “Xan oyunu”, “Motal-motal”, “Əl üstə kimin əli?”, “Uçdu-uçdu”, “Dəsmalı ver”, “Xəndəyədüşmə”, “Dəyirman”, “Kosa-kosa”, “Qodu-qodu”, “Tənbəl qardaş” kimi xalq oyunları və başqa mərasim, mövsüm, qəhrəmanlıq nəğmələri haqqında məktəblilərə ətraflı məlumat verilir. Ekskursiyalar zamanı Azərbaycan şairlərinin Novruzu vəsf edən şeirləri səsləndirilir, Novruz mərasimlərinə aid eksponatlardan bəhs olunur.

Novruzun özəlliyi, xalqın bayramla bağlı mifoloji-bədii dünyagörüşünü əks etdirən ekspozisiya xarici qonaqların da böyük marağına səbəb olur. Muzeydə beş dildə (Azərbaycan, rus, ingilis, ərəb və fars) izahatlar aparılır.

***

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində uşaqlara bayram ovqatını bəxş etmək məqsədilə ənənəvi “Can gülüm, can-can!” adlı ustad dərsi keçirilib. Əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olan balaca qonaqlara bayramın mənşəyi və ustad dərsinin mahiyyəti barədə qısa məlumat verilib. Sonra balacalar qrup şəklində tapmaca və yanıltmaclar söyləyib, “Yumurta döyüşü”, “Kosa-kosa”, “Kasa oyunu” və s. xalq oyunlarında iştirak ediblər.

***

Martın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə “Bahar gəlir” adlı konsert keçirilib.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova bayram münasibətilə təbriklərini çatdırıb.  Muzeyin şöbə müdiri Ülviyyə Şəmmədova xalqımızın qədim yaddaşını, dünyagörüşünü, adət-ənənələrini özündə birləşdirən Novruz bayramı haqqında məlumat verib.

BMA-nın professor-müəllim və tələbələrinin ifalarında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı davam edib.

***

Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramına həsr olunmuş uşaqlar üçün “İpək yaylığın nağılı” adlı tədbir keçirilib. Tədbirdə Şövkət Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Səbinə” rəqs qrupunun üzvləri çıxış edib. Uşaqların iştirakı ilə “İpək yaylığın nağılı” adlı dəfilə də təşkil olunub.

***

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən martın 18-də Novruz şənliyi təşkil olunacaq. Uşaqlar üçün nəzərdə tutulan tədbirdə “Məlikməmməd” marionet teatr tamaşasının premyerası olacaq, ustad dərsləri keçiriləcək, əyləncəli proqram təqdim ediləcək.

Sonda onu da qeyd edək ki, bayram tətili günlərində (20-21 mart istisna olmaqla) Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylər ziyarət üçün açıq olacaq.

N.Məmmədli