İsmayıllı rayonunda “Qırxotaq əfsanəsi” və “Fit dağı əfsanəsi” turizm marşrutlarının təqdimatı oldu
   
   Avqustun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Millennium Tourism & Congress DMC» şirkətinin təşkilatçılığı ilə İsmayıllı rayonuna infotur təşkil edildi.
   
   “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək!” layihəsi çərçivəsində gerçəkləşən infotura Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, sektorun baş məsləhətçisi Fikrət Məmmədov, turizm şirkətlərinin, AMEA Folklor İnstitutunun əməkdaşları, kütləvi informasiya vasitələrinin təmsilçiləri - ümumilikdə 30-a qədər iştirakçı qatılmışdı. İnfoturda iki yeni turizm marşrutunun təqdimatı oldu. Bunlardan biri «Qırxotaq əfsanəsi» mədəni turizm marşrutu, digəri isə «Fit dağı əfsanəsi» ekoloji marşrutudur...
   
   Ekstremal məqamlarla zəngin tur
   
   Səhər saatlarında yola çıxan infotur iştirakçılarının ilk dayanacağı İsmayıllı rayonun Basqal qəsəbəsi oldu. Burada bizi rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Lahıc Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyev qarşıladı. Əvvəlcə tur haqqında məlumat aldıq. Tura bələdçilik edən Dadaş Əliyev bizə zəruri təlimatları çatdırdı, qrup halında hərəkət etməyi, çay yatağında, dağ yamaclarında hərəkət edərkən diqqətli olmağı tapşırdı. Məlum oldu ki, marşrutlar ekstremal situasiyalarla zəngin olacaq.
   ...Saat 11.00 radələrində “NİVA” və “UAZ” markalı avtomobillərlə Sulut kəndinə yol aldıq. Sulut kəndinin qədim tarixi var. Ərazidən tapılmış maddi-mədəniyyət nümunələri, şirli saxsı qablar, gümüş sikkələr burada orta əsrlərdə qaynar həyatın olduğundan xəbər verir. Sulut müxtəlif tarixi abidələri ilə də tanınır. Kəndin yaxınlığında orta əsrlərə aid yaşayış yeri mövcuddur.
   Suluta çatmaq üçün dağ yolları ilə təxminən 7 km məsafə qət etməli idik. Yolboyu təbiət mənzərələri insanı valeh edirdi. Yolun yarısında avtomobillərin hərəkəti mümkün olmadığından çay yatağı ilə piyada hərəkət edəsi olduq.    

   “Buzxana” - ərzaq anbarı, yoxsa zindan?
   
   Marşrut proqramına əsasən əvvəlcə kəndin yaxınlığında yerləşən “Buzxana” abidəsini ziyarət etdik. Uzunluğu 12, eni 7 metr olan, çay daşından inşa edilmiş abidənin maraqlı memarlıq quruluşu var. Tikilinin üstü tağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında, yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənib, cənub-qərb hissəsində kiçik qapı var. “Buzxana” adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi barədə müxtəlif versiyalar mövcuddur. Bələdçimiz məlumat verdi ki, bura sonuncu Şirvan xanı Mustafa xanın ərzaq anbarı olub. Bəzi mənbələrdə tikilidən zindan kimi də istifadə olunduğu deyilir. XVII-XVIII əsrlərə aid abidə müasir günümüzə yaxşı halda gəlib çıxsa da, müəyyən bərpa işlərinə ehtiyac var.
   
   Yeni turizm marşrutları pasportlaşdırılacaq
   
   Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov yolboyu söhbətində bildirdi ki, təqdim olunan hər iki marşrut turizm məhsulu kimi çox dəyərlidir: “Hesab edirik ki, bu marşrutlar həm xarici, həm də yerli turistləri bölgəyə cəlb edə biləcək. Biz bu layihəyə 15-ə qədər turizm şirkətinin nümayəndəsini cəlb etmişik. Onlara marşrutlar üzrə mədəni irsimizi əks etdirən tarixi abidələrlə tanış olmaq imkanı yaradılıb. Belə infoturların təşkili mədəni dəyərlərin təşviqi baxımından da çox vacibdir”.
   Sektor müdiri qeyd etdi ki, İsmayıllıda yeni turizm layihələri üçün geniş imkanlar var. Rayonun qədim yaşayış və sənətkarlıq mərkəzləri, tarixi-etnoqrafik qəsəbələri olan Basqal və Lahıc turistlərin böyük maraq göstərdiyi məkanlardır. Təqdimatdan sonrakı mərhələdə marşrutların pasportlaşdırılmasını həyata keçiriləcək və bu zaman turizm şirkətlərinin də tövsiyə və təklifləri nəzərə alınacaq.
   Nazirlik rəsmisi onu da bildirdi ki, Basqal və Lahıc tarix-mədəniyyət qoruqlarının ərazisində turizm inkişaf planı, abidələrin konservasiyası və bərpası ilə bağlı layihə hazırlanıb. 2013-2016-cı illərdə layihənin həyata keçirilməsi üçün təkliflər verilib.
   
   Qırxotaq abidəsi ilə bağlı müxtəlif əfsanələr var
   
   “Buzxana” ilə tanışlıqdan sonra təbiətin qoynunda nahar etdik. Kəmərin altını bərkidib Qırxotaq abidəsinə yol alırıq. Yerli sakinlərin “Qırxotaq”, “Qırxqız” və ya “Haram qala” adlandırdığı abidə barədə müxtəlif fikirlər irəli sürülür. Abidə “Qırxotaq” adlandırılsa da, oradakı otaqların sayı 40-dan çoxdur. İri dəhliz yerləri aydın görünür. Tikilidə çay və kirəc daşından istifadə olunub. Bir otağın sahəsi təxminən 20-25 kvadratmetrdir.
   Rəvayətə görə, Şirvan xanı hər otaqda bir gözəl xanım (hərəm) saxlayırmış və onların bir-birindən xəbəri olmazmış. Tikiliyə “Haram qalası” adı verilməsi də bu rəvayətə əsaslanır. Buraya yad insan girə bilməzmiş. İnfoturda iştirak edən AMEA Folklor İnstitutunun əməkdaşı, folklorşünas alim Qalib Sayilov isə abidənin “Hərəmxana” adlandırılmasını düzgün hesab etmir: “Tarixi mənbələr göstərir ki, Mustafa xan digər xanlardan fərqli olaraq hərəm saxlamamış, sadə həyat tərzi keçirmişdir”. Alim hesab edir ki, tarixi həqiqətlər, əfsanə və rəvayətlər haqqında turistlərə məlumat verilərkən əsaslandırılmış elmi mənbələrə də istinad olunmalıdır: “Haramxana” qadağan olunmuş məkan anlamına gəlir. Ola bilsin ki, xanlığın dəftərxanası və ya hansısa dövlət sirri qorunan məqamlar bu abidə ilə əlaqəlidir”.
   XVIII əsrə aid edilən tikilinin vəziyyəti qənaətbəxş deyil. Abidəni ən çox dağıntıya məruz qoyan isə təbii amillər, iri gövdəli ağacların, yabanı kolların otaqlarda bitməsidir.
   
   Rayonun turizm potensialı Basqal və Lahıcla məhdudlaşmır
   
   İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov deyir ki, turistlər üçün təkcə Basqal və Lahıc deyil, digər kəndlər də maraqlıdır: “Təklif edərdim ki, rayonun digər görməli yerlərinə də turlar təşkil olunsun. Çünki rayonun hər bir kəndinin turizm imkanları var. 2011-ci ildə İsmayıllıya 60 minə qədər turist gəlib. Rayonda 233 tarix-mədəniyyət abidəsi var ki, onların arasında qalalar da az deyil. Bunların hər biri, tarixi məqamlar, əfsanələr turistlər üçün maraqlıdır. İstərdim ki, turizm şirkətləri ölkəmizə gələn qonaqların bizim tarixi məkanlara səfərlərini davamlı olaraq təşkil etsinlər. Düşünürəm ki, həyata keçirilən yeni layihə də buna zəmin yaradacaq”.
   
   Fəth olunmayan “Fit qalası”
   
   «Fit dağı əfsanəsi» ekoloji marşrutu ilə irəliləmək daha çətin idi. Sözün əsl mənasında, quşqonmaz, atkeçməz Fit qalasına çatmaq üçün Haramçayın daşlı-çınqıllı yatağı ilə 3-4 km getməli idik. İrəlilədikcə çayı dəfələrlə o tərəfə-bu tərəfə adlamaq lazım gəlirdi. Dağ çayının səsi, sıx meşəliklər yorğunluğu unutdurur, xoş duyğular yaradırdı. Qala divarlarını görmək üçün bəzən çətin keçidli dağ yamaclarını qalxmalı olurduq. Bəzi yerlərdə yamac sərt olduğundan, iştirakçılar kəndirdən istifadə etməli olurdular... Nəhayət, Fit qalasına çatdıq.
   Bura təxminən iki hektar ərazini əhatə edir. Hazırda Fit dağının şərq yamacında Haramçaydan 250-300 metr yüksəklikdə iri daşlardan tikilmiş sədd qalmaqdadır. Qala divarlarının quruluşu müdafiə səddini xatırladır. Qalanın adı dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fit dağının adından götürülüb. Hərbi-strateji əhəmiyyətə malik qala vaxtilə Şirvan şahlarının iqamətgahı-sığınacağı olub. Fit qalası uzunmüddətli yaşayış üçün nəzərdə tutulmayıb. Bura əsasən düşmən hücumundan müdafiə məqsədilə istehkam kimi inşa edilib.
   Qala yaxınlığında daşdan müdafiə səddi çəkilib. Ətrafda orta əsrlərə aid tikili qalıqları, hamam yeri, meydançalar var. Qalanın XVIII əsrdə tikildiyi güman edilir.
   Fit dağı ilə bağlı əfsanə və rəvayətlər var. Deyilənə görə, bu dağda Azərbaycan Şirvanşahlar dövlətinin xəzinəsi yerləşib. Digər bir əfsanəyə görə isə dağda xəzinəni qoruyan əjdaha ilanlar varmış. Onlar təhlükə anında səs salarmışlar. Elə adın etimologiyası da buradan yaranıb. Dağdakı əjdahalar haqqında deyilənlər əfsanə olsa da, burada xəzinənin olması barədə məlumatlara Şərq və Qərb mənbələrində rast gəlinir. Hətta xəzinənin ruslar, fransızlar tərəfindən daşındığı da ehtimal olunur. Tarixi məlumatlara görə, Rusiyanın Qafqazdakı qoşunlarının komandanı Pavel Sisianov Fit qalasını fəth edə bilməyəcəyini başa düşür, Şirvan xanı Mustafa xan isə yalnız az miqdarda təzminat veriləcəyi halda Rusiya hakimiyyətini qəbul edəcəyini bildirir.
   İnfoturun ilk gününün sonunda iştirakçılar Fit dağını aşaraq Lahıca çatdılar. Yorğun səfərdən sonra qalacağımız ünvan “Evim” hoteli oldu.
   
   Macəra turizminin həvəskarları çoxdur
   
   «Millennium Tourism&Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, budəfəki infotur indiyədək keçirilən turlar içərisində spesifikliyi ilə seçilir: “Gördüyünüz kimi, ekstremal məqamlarla zəngin marşrutlardır. Təqdimatdan sonra biz bu marşrutların pasportlaşdırılmasını həyata keçirəcəyik. Onların müxtəlif vasitələrlə təbliğ etməyi də düşünürük. Əsas məqsədimiz yerli icmalarla turizm şirkətlərinin işbirliyinə nail olmaq, bölgəyə daha çox yerli və xarici turistləri cəlb etməkdir”.
   R.Quliyev deyir ki, bunun üçün müvafiq təbliğat işi lazımdır: “Bu gün iki marşrutun təqdimatını keçirdik. Əsas məsələ bu işin davamlılığıdır. Sosial şəbəkələrdə, media qurumlarında, beynəlxalq sərgilərdə də təbliğat lazımdır. Düşünürəm ki, Avropada, ümumiyyətlə dünyada bu marşrutların çoxlu həvəskarları olacaq. Azərbaycanın özündə də macəra turizmi həvəskarları az deyil. Gələcəkdə Qubada, Qəbələdə, Qusarda, Lerikdə, Yardımlıda bu səpgidə marşrutların təqdimatını keçirməyi düşünürük”.
   “Qranit AS Travel” turizm şirkətinin meneceri Vüsal Musayev də belə infoturların təşkilini yüksək qiymətləndirir: “Azərbaycanın geniş turizm potensialı var. Bu potensialın üzə çıxarılması baxımından belə marşrutların təşkili vacibdir. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi regionun daxili turizm potensialının təbliğinə xidmət edir. Marşrutlar üzrə təbiət mənzərələri, tarixi-mədəni abidələrlə tanışlıq zəngin təəssürat yaradır. Belə turlarda iştirakımız gələcəkdə şirkətə müraciət edən turistləri ətraflı məlumatlandırmağa imkan verir. Fikrimcə, biz bu marşrutların təbliğinə xüsusi önəm verməliyik”.
   
   Lahıc: tarixi sənətkarlıq mərkəzi
   
   İnfoturun ikinci günü Lahıc qəsəbəsi ilə tanışlıqla başladı. Böyük Qafqaz sıra dağlarının qoynunda Girdman çayının sol sahilində yerləşən qəsəbə bəşəriyyətin qədim yaşayış məskənlərindən biridir. Vaxtilə burada 7 bulaq, 7 məhəllə, 7 məscid və 7 mədrəsə olub. Ümumiyyətlə, Lahıc vaxtilə 7 rəqəmi üzərində qurulub. Amma hazırda bu qanunauyğunluqdan əlamət qalmayıb. Belə ki, bir vaxtlar Lahıcda inşa olunmuş yeddi hamamdan ikisi, yeddi məzarlıqdan yalnız dördü dövrümüzədək gəlib çıxıb.
   Qəsəbənin yollarında çoxlu turist görmək mümkün idi. Lahıc Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyevin bildirdiyinə görə, qəsəbə XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən biri kimi tanınıb. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.
   Lahıc açıq səma altında muzeyi xatırladır insana. İlk növbədə burada maraqlı memarlıq quruluşunda evlər, xüsusi çay daşlardan istifadə etməklə salınmış yollar diqqəti cəlb edir. Qəsəbədə bu gün də sənətkarlıq ənənələri yaşadılır və inkişaf etdirilir. Əhali əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldur. Yolboyu mağazalarda turistlərə el sənətkarlarının əl işləri təqdim olunur.
   Vahid Süleymanov 30 ildir ki, nadir sənət növlərindən sayılan həkkaklıqla məşğul olur. Bu sənəti atasından, babasından öyrənib. Deyir ki, bu sənəti yaşadan bir neçə nəfər qalıb. Emalatxanaya gələn turistlər öz adlarının mis, ağac üzərində həkk olunmasını sifariş edir, habelə hazır məmulatlar, suvenirlər alırlar. Usta qazancından narazı deyil. Çünki ilin hər fəslində burada turist görmək olur.
   Lahıc Tarix-Diyarşünaslıq Muzeyi və Lahıc Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq da zəngin təəssürat yaratdı.
   
   Basqalın məşhur kəlağayısı
   
   Lahıcla tanışlıqdan sonra yenidən Basqala yola düşürük. Yolboyu uzanan Girdman çayı təbiətlə gözəl ahəng yaradır. İnfoturun son dayanacağında - Basqal Tarix-Mədəniyyət Qoruğunda da vaxtımız da çox maraqlı keçdi. İştirakçılar “Kəlağayı” İpək Muzeyində kəlağayının hazırlanması prosesi ilə yaxından tanış oldular.
   Muzeyin direktoru Rəna İbrahimbəyova Azərbaycanda ipəkçiliyin qədim tarixindən söz açaraq bildirdi ki, bu sənətin inkişaf etdiyi bölgələrdən biri də Basqal qəsəbəsidir. Burada hazırlanan kəlağayılar tarixən geniş şöhrət qazanıb: “Kəlayağıda hər rəngin, hər detalın xüsusi mənası var. Bu sənətin öz tələbləri var. Kəlağayı mütləq ipəkdən hazırlanmalı, kvadrat formasında, xüsusi ölçüdə olmalı, basmanaxış üsulu ilə bəzədilməlidir. Əsl kəlağayını tanımaq üçün isə onun üzükdən asanlıqla keçib-keçmədiyinə diqqət yetirmək lazımdır”.
   Məlumat verildi ki, kəlağayı üzərində naxışlar da müəyyən məna daşıyır: əsasən günəş, dağ simvolları, karvan yolu, axirət, dünyanın müvəqqəti olması əks olunur. Sanki bütün dünya bu naxışlarda həkk olunub.
   İnfotur iştirakçıları kəlağayıya naxışların vurulması prosesində də iştirak etdilər.
   
   * * *
   Beləcə, ikigünlük səfərimiz yekunlaşdı və Bakıya doğru yol aldıq. Yolboyu yorğunluqdan mürgüləyən də var idi, səfər təəssüratlarını paylaşanlar da. İkigünlük infoturun təəssüratı isə uzun müddət yaddaşımızdan silinməyəcək...
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar