Bölgələrdəki mədəniyyət müəssisələrində Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilib.

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin kollektivi Mehdiabad bələdiyyəsi ilə birgə açıq havada bayram konserti təşkil edib. Novruz bayramı ilə bağlı səhnəciklər nümayiş olunub, müəllim və şagirdlərdən ibarət ansambllar xalq və bəstəkar mahnılarını səsləndirib, milli rəqslərimizi ifa edib.

***

Kürdəmir Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Torpaq çərşənbəsi ilə bağlı tədbir keçirilib. İcra başçısı Elxan İbrahimov və regional mədəniyyət idarəsinin rəisi Faiq Xudanlının da iştirak etdiyi tədbirdə sənətçilər bahar təravətli mahnılar ifa ediblər.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin dəstəyi, Türyançay qəsəbə Sənətkarlıq evinin təşkilatçılığı ilə “Yurdumun Bahar qızı” adlı şənlik keçirilib. Folklor ansamblının, Novruz personajları Kosa və Keçəlin çıxışları maraqla qarşılanıb.

***

Ağsu rayon Mədəniyyət Mərkəzi tərəfindən rayonun Yenilik kəndində “Torpaq müqəddəsdir” adlı konsert proqramı təşkil edilib. Kosa ilə Keçəlin macəraları, “Qönçə” xalq çalğı alətləri ansamblının ifasında mahnılar kənd sakinlərində xoş ovqat yaradıb.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Torpaq çərşənbəsi münasibətilə “Yazın ətri gəlir” adlı tədbir keçirilib. Tədbirdə uşaqlar rəqs edib, şeirlər söyləyib, muzeydəki eksponatlarla tanış olublar.

***

Biləsuvar RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əsgərabad kəndində Torpaq çərşənbəsinə həsr olunan bayram tədbiri keçirilib. Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından incəsənət ustaları, “Nənələr” folklor qrupu və kəndirbazların çıxışları böyük coşqu doğurub.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Torpaq çərşənbəsi münasibətilə sərgi keçirilib.

Hacıqabul rayon Atbulaq kənd Mədəniyyət evində “Elimizə bahar gəlir” adlı konsert təşkil olunub. Şəhid Namiq Mustafayev adına Kürdçü kənd natamam orta məktəbin şagirdlərinin ifasında şeirlər və mahnılar səsləndirilib.

Şirvan şəhər MKS-nin 3 saylı kitabxana filialı 10 nömrəli tam orta məktəbdə keçirilən “Yaz ətirli Novruzum” adlı tədbirdə şagirdlər bayatılar, sanamalar, deyişmələr söyləyib, rəqs nömrələri təqdim ediblər.

***

Ağstafa rayon MKS, Tarix-Diyarşünaslıq Muzeyi, 1 saylı Folklor klubu və H.Arifin  Ev-Muzeyinin birgə təşkilatçılığı ilə “Novruz dirçəliş və sevgi bayramıdır” adlı tədbir keçirilib. Məktəblilər Novruza aid mahnılar oxuyub, şeirlər söyləyib, səhnəciklər təqdim ediblər. Bayram tonqalı ətrafında “Yallı” rəqsi ifa olunub.

***

Ağcabədi rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhər 2 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə Novruzla bağlı sərgilər hazırlayıb, bayram tədbiri təşkil ediblər. Şagirdlər şeirlər söyləyib, xalq oyunlarını təqdim ediblər.

***

Gəncə şəhər Uşaq incəsənət məktəbinin fortepiano şöbəsində “İlaxır çərşənbə” adlı konsert keçirilib. Novruz bayramının adət-ənənələri haqqında məlumat verilib. Şagirdlərin ifasında musiqi nömrələri təqdim olunub.

Goranboy Dövlət Rəsm Qalereyasında Novruz bayramına həsr olunmuş rəsm sərgisi təşkil edilib.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Novruz gəldi, yaz gəldi” adlı tədbir keçirilib. Novruza həsr edilmiş şeirlər, mahnılar səsləndirilib, sərgi və səhnəciklər nümayiş olunub.

***

Şəki RMİ-nin tabeliyində olan müəssisələrin təşkilatçılığı ilə Torpaq çərşənbəsi münasibətilə tədbirlər keçirilib. Bayram tonqalının ətrafında çıxışlar olub, Novruz adətləri nümayiş etdirilib.

***

Tərtərdə Torpaq çərşənbəsi münasibətilə bayram şənliyi təşkil olunub. Şəhərin mərkəzi meydanında keçirilən tədbirdə rayon Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramı sakinlərin könlünü oxşayıb.

N.Məmmədli