TDT dövlət başçıları əsrin fəlakəti ilə üzləşən Türkiyəyə tam dəstək ifadə ediblər
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. “Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan zirvə görüşü Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirəsi, TDT müstəvisində qardaş ölkəyə bundan sonrakı dəstək fəaliyyətlərini koordinasiya etmək məqsədilə çağırılıb.
Zirvə görüşündə TDT-nin üzv ölkələri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, eləcə də müşahidəçi üzvlər Macarıstan və Türkmənistanla yanaşı, 2022-ci ildə Səmərqənd zirvəsində təşkilata müşahidəçi üzv qəbul edilən Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də təmsil olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək Türkiyədə baş verən zəlzələdən sonra fövqəladə zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra TDT-yə sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Türkiyədə baş vermiş zəlzələnin bütün Türk dünyasını dərindən sarsıtdığını vurğulayan dövlət başçısı TDT çərçivəsində Təbii Fəlakətlərin Monitorinqi və Təhlili Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb.
Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin törətdiyi fəsadlar, qardaş ölkəyə edilən humanitar yardımlar barədə videoçarx nümayiş olunub. Fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edərək türk dövlətlərinin bir-birinə hərtərəfli dost və qardaş dəstəyi verməsinin, belə ağır günlərdə bir olmasının vacibliyini vurğulayıb.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, qardaş Türkiyədə çoxsaylı insan tələfatı doğuran fəlakətdən dərhal sonra Azərbaycan hökuməti və xalqı qardaş ölkəyə humanitar yardımlar etmək üçün səfərbər olub. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
“Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq”, – deyən İlham Əliyev əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.
Dövlət başçısı xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.
Türkiyənin son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünyada söz sahibi olduğunu, güc mərkəzinə çevrildiyini deyən İlham Əliyev qeyd edib ki, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Türkiyənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.
Otuzillik işğaldan azad edilən topraqlarımızda aparılan bərpa və quruculuq işlərindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır: “Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir və misli görünməmiş bir yenidənqurma modelidir”.
Diqqətə çatdırılıb ki, bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. İndiyədək Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard dollardan çoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib.
Azərbaycan Prezidenti işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə hər iki həmkarına – Şavkat Mirziyoyevə və Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.
Prezident çıxışında tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ildə sovet hökumətinin qərarı ilə Azərbaycandan qoparılıb Ermənistana verilməsinə toxunaraq bildirib ki, bu, Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olub. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub.
Diqqətə çatdırılıb ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar: “Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.
***
Zirvə görüşündə daha sonra çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev zəlzələ ilə əlaqədar türk xalqının yaşadığı ağrı-acının bütün türk dövlətləri tərəfindən paylaşıldığını bildirib, ölkəsinin qardaş Türkiyəyə hər zaman yardım göstərməyə hazır olduğunu qeyd edib.
Qırğızıstan Prezidenti Sadır Japarov da qırğız xalqı ilə türk xalqı arasında tarixi əlaqələrin bundan sonra da davam edəcəyini bildirərək humanitar yardım kimi məsələlərin təşkilata üzv dövlətlərdən birgə fəaliyyət, sıx əməkdaşlıq tələb etdiyini vurğulayıb.
Macarıstanın Baş naziri Viktor Orban Türkiyədə zəlzələdən sonrakı yenidənqurma işlərinə dəstək verməkdən şərəf duyacaqlarını deyib.
ŞKTC-nin Prezidenti Ersin Tatar tədbirə dəvətə və bu zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Türkiyə və Azərbaycan prezidentlərinə minnətdarlığını bildirib.
Sonra TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, təşkilatın baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan zirvə görüşü təşəbbüsünə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıq edərək toplantının qardaşlığımızın təzahürü olduğunu vurğulayıb.
Zirvə görüşünə yekun vuran Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qəbul olunan qərarların ölkələrimiz arasında əməkdaşlığa yeni töhfələr verəcəyini bildirib.
Sonda Ankara bəyannaməsi və TDT-də mülki müdafiə mexanizminin qurulmasına dair protokol imzalanıb. Bəyannamədə zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəylik ifadə edilib.