Portalda Gürcüstanın xəritəsi də yerləşdirilib
   
   GoMap.az onlayn naviqator portalından istifadə edənlərin sayı gün ərzində 5 min nəfərdən çoxdur. Bu barədə qəzetimizə «Sinam» şirkətinin GoMap.az layihəsinin meneceri Xaqani Nəsibov məlumat verib.
   
   Onun sözlərinə görə, bu rəqəm mövsümlə bağlı o qədər də dəyişmir: «Portal Azərbaycanın bütün sahələrini, o cümlədən turizm sahəsini əhatə edir. Portalda obyektlərin böyük kataloqu yerləşdirilib. Kataloqda Azərbaycan ərazisində olan 70 minə yaxın obyekt var. İstənilən obyekti kataloqdan axtarıb tapmaq, onun haqqında məlumat almaq mümkündür. Bunu həm portalın axtarış hissəsində obyektin adını yazmaqla etmək olar, həm də «Müəssisələrin kataloqu» funksiyasını işə salmaqla. Məsələn, Azərbaycanın və yaxud Bakı şəhərinin hər hansı bir rayonunda olan bankomatları, bankları, mağazaları, dayanacaqları və s. bu qayda ilə tapmaq mümkündür. Eyni qayda ilə şəhər sakini öz yaşadığı ünvanın yaxınlığında olan istənilən obyekt barədə məlumat ala bilər. O, öz ünvanını xəritədə tapır, «siçan»ın sağ düyməsini basdıqda çıxan menyudan «Burada nə var» sətrini seçir və «yaxınlıqda axtar» funksiyasının köməyi ilə ətrafdakı bütün obyektlər barədə məlumat alır».
   Artıq GoMap.az portalında Gürcüstanın xəritəsi də var. Layihə menecerinin sözlərinə görə, hazırda Gürcüstanın ərazisi də daxil olmaqla, sistemdə 90 mindən çox obyekt haqqında məlumat almaq olar: “Qonşu ölkənin ərazisi, yolları barədə məlumat burada yerləşdirilib. Gürcüstanın 9 böyük şəhəri barədə isə ünvan məlumatları var. Gələcəkdə Türkiyə və Orta Asiya respublikalarını, razılaşma əldə edilərsə, hətta İranı da bu xəritəyə əlavə edəcəyik”.
   Həmsöhbətimin bildirdiyinə görə, portala dünyanın, demək olar ki, hər yerindən müraciət edənlər olur. Hətta Ermənistandan da. Amma 80 faiz istifadəçi hələ ki Azərbaycandadır. Bundan başqa, Türkiyə, Rusiya, Böyük Britaniya və digər ölkələrdən də giriş çoxdur. İstifadəçilərin sayı günü-gündən artır.
   X.Nəsibov maraqlı bir məlumatı da nəzərə çatdırdı ki, GoMap.az internet resursunun mobil versiyasının texniki şərti də hazırlanıb: “Yaxın vaxtlarda portalın mobil versiyası da istifadəyə veriləcək. Bundan sonra mobil qurğular, telefonlar və s. vasitəsilə də portaldan istifadə mümkün olacaq. Bu zaman istifadəçilərimizin sayı daha da artacaq».
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Sinam» şirkəti tərəfindən hazırlanan və 2011-ci ildən istifadəyə verilən GoMap.az naviqasiya portalına, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70 şəhəri üzrə ünvan məlumatı, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 720 min bina və tikili, 43000 km yol, 23770 kvadratkilometr yaşıllıq sahələri və meşələr və digər məlumatlar daxil edilib. Elektron xəritədə məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar və 3D virtual turlar da elektron xəritədə yerləşdirilib. Azərbaycan, ingilis və rus dillərində hazırlanan portaldakı elektron xəritə konkret ərazidəki hər hansı bir tikilinin miqyasına qədər böyüdülə bilər. Elektron xəritə həmçinin digər bu tip sistemlərlə inteqrasiya oluna bilir. Xəritə üzərində onlayn trekinq funksiyası da var. Onun vasitəsilə turist marşrutlarının, turistlərin, dağ-xizək zonalarında hərəkət edənlərin peyk izləmə sistemi ilə müşahidəsi mümkündür. Həmçinin fövqəladə hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək də olur.
   

  Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar