Respublika Gənclər Kitabxanasında “GUYS” Gənclər Təşkilatı ilə birlikdə görkəmli dramaturq, şair, nasir, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir təşkil edilib.

Tədbirdə ədibin ev-muzeyinin əməkdaşları, gənclər təşkilatının fəalları və tələbələr iştirak ediblər.

Kitabxananın direktoru Aslan Cəfərov çıxış edərək 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən müxtəlif tədbirlərdən söz açıb. Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışan direktor ədibin ədəbiyyatımızın ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən dönmədiyini bildirib.

Cəfər Cabbarlının Ev-Muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini deyib. O, həmçinin ədibin ailəsinin xatirələrini dilə gətirərək Cəfər Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.

“GUYS” Gənclər Təşkilatının sədr müavini Mehin Vəliyeva ədibin “Sevil”, “Almas” pyeslərinin, “Dilbər” və “Firuzə” hekayələrinin təhlilini aparıb.

Filoloq, yunanşünas Pərvanə Abbaslı, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Fidan Həsənova və başqaları Cabbarlı yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında danışıblar.

Sonra Cabbarlının həyat və yaradıcılığına həsr edilən, kitabxananın hazırladığı elektron məlumat bazası və ədibin 120 illik yubileyi ilə əlaqədar çap edilən biblioqrafiya haqqında məlumat verilib.

Sonda Qəmər Seyfəddinqızı Cabbarlının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara təşəkkürünü bildirib.