“Xınalıq və “Köç Yolu”nun mədəni landşaftı” nominasiya faylı ilə bağlı təqdimat olub...


Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın paytaxtı Parisə səfər çərçivəsində UNESCO və Dünya İrs Mərkəzinin rəhbər şəxsləri, Dünya İrs Komitəsinin üzv ölkələrinin UNESCO yanında daimi nümayəndələri ilə görüşlər keçirib.

DTA-dan bildirilib ki, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone, sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos və Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou ilə görüşlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Fuad Nağıyev ölkəmizdə turizm sahəsində ölkədə aparılan islahatlar, eləcə də mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib. Bundan əlavə, UNESCO ilə turizm sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində də müəyyən addımların zəruriliyi vurğulanıb.

Görüşlər zamanı Dövlət Turizm Agentliyi aprel ayında Parisdə keçiriləcək UNESCO-nun İpək Yolu proqramının 35-ci ildönümünə həsr edilmiş mərasim və sərgidə iştiraka dəvət edilib.

Xanım Qabriela Ramos UNESCO-nun xüsusi İpək Yolu etiketinin yaradılması üzrə yeni bir konsepsiyanın işlənilməsi və bu layihənin ilk olaraq Azərbaycanda açıqlanması haqqında təşəbbüslə çıxış edib. Bu təşəbbüslə bağlı Bakıda 2023-cü ilin yay aylarında tədbirin keçirilməsinə dair ilkin razılıq əldə olunub.

Ernesto Ottone ilə görüş zamanı Azərbaycanın mədəni irs elementlərinin, xüsusilə arxeoloji irs əraziləri və elementlərinin araşdırılması, təbliğinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

DTA nümayəndə heyətinin Dünya İrs Komitəsinin üzv ölkələrinin UNESCO yanında daimi nümayəndələri ilə görüşündə isə “Xınalıq və “Köç Yolu”nun mədəni landşaftı” adlı nominasiya faylı ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi məqsədilə hazırlanmış bu nominasiya sənədində Xınalıq və ətraf kəndlərdə yaşayan əhalinin qədim zamanlardan qorunub saxlanılan köçəri mədəniyyəti və onun ümumbəşəri dəyərləri təqdim olunur.

Səfər çərçivəsində DTA heyəti ilə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) rəhbərliyi arasında da görüş keçirilib, nominasiya sənədi ilə bağlı fikir mübadiləsi aparılıb. “Xınalıq və “Köç Yolu”nun mədəni landşaftı” nominasiya sənədinin bütün dünya üzrə köçəri mədəni irsinin daha geniş öyrənilməsi ehtiyacını ortaya çıxardığı vurğulanıb və bu istiqamətdə ICOMOS və DTA ilə əməkdaşlıq çərçivəsində birgə elmi araşdırmalara başlanılmasına dair ilkin razılıq əldə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev də iştirak edib.