Gələcəkdə bu səfərlərə xarici turistlər də cəlb olunacaq...


Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin (DTA) layihəsi ilə martın 18-dən Şuşa şəhərinə turist səfərləri başlayıb. “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olan layihənin hədəflərindən biri Azərbaycanın mədəniyyət paytaxtına turist səfərləri vasitəsilə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın təşviqidir.

İlk mərhələdə səfərlər həftədə bir dəfə (həftəsonu) olmaqla həyata keçiriləcək. Növbəti mərhələdə turların sayının artırılması nəzərdə tutulur.

Martın 18-də 40 nəfərdən ibarət olan ilk heyət Şuşaya səfər edib. Şuşada hoteldə gecələmə ilə 2 və 3 günlük turların proqramına işğaldan azad edilmiş Füzuli şəhərinin dağıntıları, Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə qoyulan abidənin ziyarət olunması, Şuşada Cıdır düzü, Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün Ev-Muzeyi, Yuxarı Gövhər ağa məscidi, “Güllələnmiş heykəllər” meydançası, həmçinin Şuşa qalası, şəhərin “Gəncə qapıları” və “Xarıbülbül” simvolu, Qazançı kilsəsi, Şuşa Realnı məktəbi kimi tarixi abidələrlə tanışlıq daxildir.

Turlarda iştirak etmək istəyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilərlər. DTA-nın Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirib ki, Şuşa şəhərinə turlar turoperatorlar arasında elan edilən müsabiqənin qalibi “Summer Tour Azerbaijan” şirkəti tərəfindən təşkil olunur. Turagentlər qeyd olunan turoperatorla müqavilə bağlayaraq turist səfərlərinin satışını həyata keçirir. Bir gecəlik paketin qiyməti 181 manat, 2 gecəlik paketin qiyməti 305 manatdır.

Düşünürük ki, bu səfərlərə gələcəkdə xarici turistlər də cəlb olunacaq. Xarici turistlərin təkcə Şuşaya deyil, işğaldan azad olunmuş digər ərazilərə də səfərləri təşkil ediləcək.

Bunu isə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

Bu günlərdə Moskvada keçirilən “MITT 2023” sərgisindən danışan K.Quluzadə bildirib ki, sərgidə işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı da nümayiş etdirilib. Rusiya Azərbaycan turizmi üçün əsas ölkələrdən biridir. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 75 mindən çox turist gəlib ki, bu da ötən illə müqayisədə 51 faiz çoxdur.