Dövlət Film Fondunda “Azərbaycanın sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib.

Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə martın 17-də təşkil olunan retrospektiv baxış Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin (1937-2019) yaradıcılığına həsr olunub.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq Yalçın Əfəndiyevin Azərbaycan kinosunda, xüsusilə də sənədli kino sahəsində xidmətlərindən danışıb.

Sonra rejissor Yalçın Əfəndiyevin “Bakı haqqında 10 dəqiqə” və “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” sənədli filmləri nümayiş olunub.

Nümayişdən sonra Yalçın Əfəndiyevin ailə üzvləri adından oğlu İbrahim Əfəndiyev çıxış edərək xatirə gecəsinin təşkilinə görə Dövlət Film Fondunun kollektivinə təşəkkürünü bildirib.