Biləsuvar Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Əvvəlcə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirilib. Bayram tədbiri Biləsuvar RMİ-nin hazırladığı konsert proqramı ilə davam edib.

***

İsmayıllı RMİ və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən konsert keçirilib. Konsert proqramında musiqiçilər, Lahıc və İvanovka folklor qrupları, Aşıqlar ansamblı bir-birindən fərqli ifaları ilə tamaşaçılara xoş anlar bəxş edib.
Qəbələ rayon Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunan “Bir yumurtanın sirri” adlı tamaşa nümayiş olunub.
Ağsu rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yurdumuza yaz gəlir” adlı konsert proqramı təqdim edilib.

***

Ağcabədi şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Faytonla bayram ab-havasında bəzədilmiş meydana daxil olan Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra Novruz tonqalı alovlandırılıb. Gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb. Bayram tədbiri Ağcabədi RMİ tərəfindən hazırlanan rəngarəng konsert proqramı ilə davam etdirilib.

***

Abşeron rayon Mədəniyyət Mərkəzinin filialı Novxanı kənd Sənətkarlıq klubu və Abşeron rayon MKS-nin Novxanı kənd kitabxana filialının əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsi qazisi Amil Əliyevi ziyarət ediblər.

***

N.Nərimanov adına Kürdəmir rayon Mədəniyyət Mərkəzi və Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq musiqi məktəbinin kollektivləri hərbi hissələrdə “Mən Zəfərin ordusuyam” adlı konsert proqramlarını təqdim ediblər. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri, uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında səslənən milli musiqilər, Novruz adət-ənənələrini özündə əks etdirən səhnələr maraqla qarşılanıb.

***

Lənkəran RMİ və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bahar ətirli Novruz” adlı tədbir keçirilib. İdarə rəisi Şahin Şahbazov Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq əsrlər boyu Azərbaycan xalqının bu bayramı qeyd etdiyini bildirib. Rəsmi hissədən sonra rayon sənətkarlarının əl işlərindən ibarət sərgi, Novruzun rəmzləri olan Kosa və Keçəlin, Bahar qızın iştirakı ilə, eləcə də uşaqların təqdimatında xalqımızın qədim adət-ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalar izlənilib, folklor kollektivlərinin çıxışları maraqla qarşılanıb.

***

Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzi, rayon MKS və Kür qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri təşkil edilib. Tədbirdə Novruzu tərənnüm edən musiqilər, milli rəqslər, saz havaları, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər təqdim olunub.

***

Ağdaş RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Bayram şənliyi ilk olaraq Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbinin qarşısında məktəbin uşaqlardan ibarət xor kollektivinin musiqi nömrələri və Ağdaş rayon Pirəzə kənd Folklor evinin “Teşti” folklor kollektivinin nümunəvi çıxışları ilə başlayıb. Konsert proqramı zamanı mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən səsləndirilən vətənpərvərlik, bayram əhval-ruhiyyəli mahnılar, rəqs nömrələri alqışlarla qarşılanıb.

***

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə “Novruz bayramı milli-mənəvi dəyərlərimizin təcəssümüdür” adlı konsert proqramı təşkil edilib. Konsertdə məktəbin müəllim və şagirdləri tərəfindən musiqi nömrələri ifa edilib, Novruz bayramına məxsus adətlər nümayiş olunub.

***

Novruz bayramı münasibətilə Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və MİHİ-nin Sabirabad rayon komitəsinin sədri Telman Əzimov tərəfindən Vətən müharibəsi şəhidi Elxan Rzayevin ailəsi ziyarət olunub. Təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinin də davam etdirilməsi çərçivəsində uzun müddət Qəzli kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışmış Mustafa Mustafayevlə görüş keçirilib.

Sabirabad RMİ və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir-birindən maraqlı rəqslər, kompozisiyalar, şən mahnılar təqdim olunub.

Şirvan şəhər Uşaq musiqi məktəbində “Yurdumuza bahar gəlir” adlı bayram konserti keçirilib. Məktəbin müəllim və şagirdləri bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

***

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov, MİHİ-nin Masallı rayon komitəsinin sədri Vəkil İsmayılov və mədəniyyət müəssisələrinin rəhbərləri tərəfindən Novruz bayramı münasibətilə rayonun şəhid və qazi ailələri ziyarət olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Çıxışlarda milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Yardımlı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bahar bayramınız mübarək!” adlı tədbir keçirilib. Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Novruzun əsas atributlarından olan Kosa və Keçəlin çıxışı izlənilib. Uşaq bağçasının balaca fidanları və kənd bədii özfəaliyyət kollektivlərinin çıxışları tədbirə əlavə rəng qatıb. Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Bayram münasibətilə regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində də tədbirlər keçirilib.

***

Bərdədə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramı təqdim olunub.

Bərdə RMİ Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə Novruz bayramı münasibətilə konsert proqramı təşkil edib.

***

Xaçmaz rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Elimizə bahar gəlir” mövzusunda tədbir keçirilib. Novruz bayramına həsr olunmuş şeirlər, mahnılar, səhnəciklər, rəqslər ifa olunub.

***

Tovuz rayon Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və MKS-nin birgə təşkilatçılığı ilə “Novruz milli bayramımızdır” adlı tədbir keçirilib. Çıxış edənlər Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan biri olduğunu qeyd ediblər. Tədbirin davamında körpə fidanlar Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Novruz bayramı qeyd olunub. Muzeyin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, iştirakçılar tonqal ətrafında dövrə vuraraq “Yallı” rəqsini ifa ediblər. Tədbir maraqlı konsert proqramı ilə davam edib.

***

Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı Uşaq musiqi məktəbində “Novruz gəlir, yaz gəlir” adlı bayram tədbiri keçirilib. Tədbirdə məktəbin xor kollektivi, xalq çalğı alətləri və nağaraçalanlar ansamblları, saz və fortepiano siniflərinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Goranboy rayonunda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Goranboy Dövlət Rəsm Qalereyası tərəfindən rəsm sərgisi təşkil edilib.

Hazırladı:N.Məmmədli