Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev qəzetimizə müsahibəsində qurumun fəaliyyəti, Azərbaycanla bağlı layihələri və xüsusilə də “Şuşa – 2023: Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərindən söz açdı.

 

TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşada hansı tədbirlər keçiriləcək?

– “Şuşa – 2023: Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində silsilə tədbirlərimiz olacaq. Türk dünyasından incəsənət ustalarının iştirakı ilə Xarıbülbül festivalı, ənənəvi sənət sahələrini bir araya gətirən tədbirlər: TÜRKSOY-un “Rəssamlar simpoziumu”, “Fotoqraflar simpoziumu”, “Şairlər görüşü” və s. ənənəvi layihələrin il çərçivəsində Şuşada keçirilməsi planlaşdırılıb. Türk dünyasının I teatr festivalı və “Qorqud Ata” Türk dünyası film festivalı da nəzərdə tutulan tədbirlər arasındadır. Orada bütün Türk dünyasının səsi duyulacaq. Şuşa çal-çağırlı günlərinə qayıdacaq.

 

Qarabağda olmusunuz, necə təsir bağışladı sizə?

– Zəfərdən sonra bir neçə dəfə Qarabağda olmuşam. Təbiətinə, coğrafiyasına heyranam. Amma dağıntılardan çox sarsıldım. Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya, evlərə, məscidlərə, tarixi-mədəni abidələrə o cür zərər vermək qeyri-insani bir davranışdır. 30 il Qarabağı qəsb edib əsarət altında saxlayıblar. Bu torpaqlarda hər nə var dağıdıb, məhv ediblər. Düşünürəm ki, bu ərazilərin onlara məxsus olmadığını, gec-tez məğlub olacaqlarını və zaman gələcək bu torpaqları geri vermək məcburiyyətində qalacaqlarını bilirdilər. Bu qorxu onlarda olub. Şuşada Bülbülün, Üzeyir Hacıbəylinin, Natəvanın heykəllərini gördüm. Əgər heykəlləri belə güllələyiblərsə, bunu ifadə etməyə söz tapmaq olmur. XXI əsrdə bu dəhşətlidir. Yaxşı ki, ədalət var, haqq öz yerini tapdı.

Hətta mən nə vaxtsa bu haqda yazmağı düşünürəm. Azərbaycan türkü olan azyaşlı bir uşaq anası ilə bərabər Şuşanı tərk etmək məcburiyyətində qalır. Atası Şuşa üçün döyüşür, şəhid olur və məzarı işğal altında olan Şuşadadır. 30 il sonra həmin oğlan, mayor rütbəsi ilə Şuşanın xilaskarı olaraq geri qayıdır, öz torpağını azad edir və atasının məzarını tapır, azadlıq müjdəsini verir. Simvolik olaraq o oğlan Şuşanın özüdür. Şuşanın coğrafiyasına qalibiyyət, sülh, hüzur, rifah yaraşır. O ərazilər əsl sahibi üçün, sülhpərvər, əməksevər insanlar üçün darıxıb. Ona görə də Şuşa tək Qarabağın deyil, bütün Azərbaycanın həm də mənəviyyat paytaxtıdır, məncə.

Düşünürəm ki, Qarabağın həm də çox məhsuldar torpaqları var. Ona görə də coğrafiyası – havası, suyu, torpağı zəngin olan bir yer məhz zəngin mənəviyyatlı Natəvan, Üzeyir bəy, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Şuşinski, Xan Şuşinski kimi insanlar yetişdirib. Ona görə də 2023-cü il təkcə Şuşa üçün deyil, bütün Türk dünyası üçün rəngarəng proqramlarla keçəcək. Şuşadan daha güllə səsləri yox, musiqi səsləri gələcək.

 

6 müstəqil türk dövlətindən başqa Türk dünyasından tədbirlərə dəvət nəzərdə tutulubmu?

– Tədbirlərə türk dövlətlərindən başqa, qohum toplumlardan olanları, Avropada yaşayan türkləri də dəvət edəcəyik. Ümumilikdə, planımızda bütün dünya türklərinin mədəniyyət forumunu keçirmək var. 1993-cü ildə biz TÜRKSOY-u – Türk dünyasının mədəniyyət təşkilatı olaraq qurduq. Yəni başqa dövlətlər, məsələn, iqtisadi, hərbi birlik qurduğu halda biz mədəni əlaqələrimizi genişləndirdik. Çünki dilimiz, mədəniyyətimiz, dinimiz, mentalitetimiz, adət-ənənələrimiz birdir. Biz bir ağacın budaqları kimiyik.

Mən Qırğızıstanda 7 il mədəniyyət naziri vəzifəsində çalışmışam və TÜRKSOY-la davamlı əlaqələrim olub. Bu qurumun yaranmasında Polad Bülbüloğlunun böyük əməyi var.

 

Bu il üçün daha hansı planlarınız var?

– Bu il TÜRKSOY üçün fəal bir il olacaq. Təşkilatın 30 illiyini qeyd edirik. Türk dünyasını, türk ölkələrini əhatə edən birillik tədbirlər planının hazırlanması üçün müzakirələr aparılıb. 200-ə yaxın tədbirimiz planlaşdırılıb.

 

Siz keçən ilin mart ayından TÜRKSOY-a rəhbər təyin edildiniz. Ötən bir ildə qurumda hansı yeniliklər olub?

– Mən bir ilə yaxındır ki, bu qurumda işləyirəm. Qısa zaman olmasına baxmayaraq, Özbəkistan və Türkmənistanın tamhüquqlu üzv kimi TÜRKSOY-da daha aktiv şəkildə iştirak etdiklərini görürük. Məsələn, Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi üzvdür. Bizdə isə tamhüquqlu üzvdür. Bu, bizim üçün böyük uğurdur. Biz Türk dünyası ilə bağlı yeganə təşkilatıq ki, bütün türk dövlətlərini bir araya gətirmişik. Türk dünyası böyükdür və geosiyasi baxımdan da dünyada böyük rol oynayır. Qarabağ Zəfəri təkcə Azərbaycan xalqının deyil, eyni zamanda Türk dünyasının mənəvi qələbəsi deməkdir. Çünki bu Qələbə ilə Azərbaycan Türk dünyası əlaqələrinə mənəvi bir təkan verdi. Orta Asiya xalqları bunu öz qələbəsi kimi çox təqdir etdi.

 

TÜRKSOY-un fəaliyyətini diplomatik baxımdan necə dəyərləndirirsiniz?

– TÜRKSOY ilk növbədə mədəniyyət diplomatiyası həyata keçirir. Mən mədəniyyət diplomatiyasını çox böyük güc hesab edirəm. Rəhbərliyim müddətində TÜRKSOY-un mədəniyyət siyasətini ən faydalı şəkildə icra etməyi nəzərdə tutmuşam. Biz bu bazada, təməldə Türk dünyasının mədəni inteqrasiyasını təşkil etmək istəyirik. Hesab edirəm ki, TÜRKSOY-un mədəniyyət siyasəti vasitəsilə birləşmiş türk xalqlarının platforması olmalıdır. Buraya yalnız konsert və ya Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərini təşkil etmək daxil deyil. Bütün Türk dünyasını birləşdirən ənənələr, mənəvi dəyərlərimizi əks etdirən ortaqlıq və fərqliliklərin vəhdətini təşkil edən tədbirlər keçirmək məqsədəuyğun olardı. Bütün bunları bir mozaika olaraq düşünün. Fikrimcə, bununla təkcə Türk dünyasının deyil, bütün dünyanın diqqətini cəlb edə bilərik. Ona görə də davamlı belə birləşdirici tədbirlər keçirmək lazımdır. Bu il Şuşada belə tədbirlər nəzərdə tutulub.

 

Sizin həm də yazıçı, ssenarist kimi tanınırsınız. Azərbaycan-Qırğızıstan əlaqələrini necə dəyərləndirirsiniz? Hələ sovetlər dönəmindən Çingiz Aytmatovun əsərləri Azərbaycanda məşhur idi. Bəs Azərbaycandan kimlər Qırğızıstanda tanınır?

– Qırğızıstanda Azərbaycana böyük sevgi var. Nizami, Füzuli, Nəsimi Azərbaycan şairləri kimi Qırğızıstanda məşhur olub. Qırğızıstanda “Arşın mal alan” operettası, Elçinin 4 pyesi tamaşaya qoyulub. Bir çox Azərbaycan şairlərinin şeirləri qırğız dilinə tərcümə edilib. Azərbaycan yazarlarının Qarabağ hekayələri kitabı qırğız türkcəsinə çevrilib. Bu kitabın təqdimatına Bişkekdə mən şəxsən qatıldım. Bakıda isə təqdimatını mən təşkil etdim.

Hüseyn Cavidin, Anarın, digər müəlliflərin əsərləri qırğız dilinə tərcümə edilib.  Bişkekdə Heydər Əliyevin adını daşıyan park, Nizaminin adına küçə var. Azərbaycanla Qırğızıstan arasında möhkəm əlaqələr mövcuddur və bu, günü-gündən də artır. Ötən ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana rəsmi səfər etdi. Ölkəmiz onu böyük qürurla, sevgi ilə qarşıladı. Çünki İlham Əliyevin liderliyində Azərbaycan böyük Zəfər qazandı.

Mehparə Sultanova
Ankara