Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Novruz bayramı şənlikləri keçirilib.
Pavilyonun qonaqları Azərbaycan xalqına xas qonaqpərvərlik və baharın gəlişi əhval-ruhiyyəsi ilə əhatə olunublar. Onlara Novruz adət-ənənələri barədə məlumat verilib, xalqımızın bu əziz bayramının atributları – səməni, xonça və s. nümayiş etdirilib. Qonaqlar bayram adətləri ilə tanış olub, ənənəvi şirniyyatların bəzədilməsi üzrə ustad dərslərində iştirak edib, Azərbaycan milli rəqslərinin incəliklərini öyrənib, ifaçıların çıxışlarından zövq alıblar.
Pavilyonun qonaqları burada Rusiya Dövlət Şərq Muzeyi tərəfindən Heydər Əliyev Fondu və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılmış “1940-1950-ci illər Azərbaycanın dəzgah heykəltəraşlığı” ekspozisiyasını və rəssam Vera Xayrutdinovanın “Ayrı dünyalar” sərgisini də ziyarət ediblər.
Bayram şənliyinə gələnlər üçün müsabiqə və viktorinalar təşkil olunub, fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.