Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən bir sıra aparıcı teatrın bölgələrə qastrol səfərləri davam edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də Salyan şəhərinə səfər edib. Paytaxt kuklaçıları Salyan Dövlət Kukla Teatrının səhnəsində teatrsevərlərə repertuarda yer alan “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını göstəriblər.

Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Xatırladaq ki, 20-27mart tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatı fəallaşdırmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.