Bakı şəhər 53 saylı orta məktəbin müəllim və şagirdlərindən ibarət heyət Azərbaycanın Elm və Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin həyata keçirdiyi OCEP layihəsi çərçivəsində 21-25 mart tarixlərində Özbəkistanda səfərdə olub. Layihəyə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Azərbaycandakı Özbəkistan Səfirliyi dəstək verib.

Səfər çərçivəsində Bakıdan gələn heyət Heydər Əliyev adına AMM-də olub. Qonaqlara AMM-nin fəaliyyəti, buradakı Azərbaycan-Özbəkistan Dostluq muzeyi, Heydər Əliyev muzeyi, Azərbaycan tarixi və Xalça muzeyləri barədə məlumat verilib.

53 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyini əks etdirən xalça-portreti AMM-yə hədiyyə edib. Mərkəzin direktoru Samir Abbasov isə 53 saylı məktəbdəki Özbəkistanla bağlı guşəyə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın şeirlərinin özbək dilində nəşrini hədiyyə edib.

Sonra AMM-nin konfrans zalında bakılı şagirdlərin hazırladığı bədii proqram təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində Bakı şəhər 53 saylı orta məktəblə Daşkənd şəhərindəki Əl Biruni adına Beynəlxalq orta məktəb arasında “qardaşlaşmış məktəblər” müqaviləsi də imzalanıb.