Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Sofiya Şəhər Bələdiyyəsinin “Lülin” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə martın 21-də Novruz bayramı və Beynəlxalq Poeziya Gününə həsr edilmiş tədbir keçirilib. Musiqili-bədii gecənin qonaqları “Lülin” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Ədəbi klubun iştirakçıları və digər poeziya həvəskarları olublar.

Tədbiri giriş sözü ilə açan ““Lülin” Mədəniyyət Mərkəzinin rəhbəri Yordanka Kostova 21 martın Novruz bayramı və Beynəlxalq Poeziya Gününün qeyd edilməsi ilə əlamətdar olduğunu bildirib. O, həmçinin bolqarların təbiətin canlanmasını təcəssüm etdirən Blaqovets bayramının da Novruz bayramı ilə oxşar cəhətləri olduğunu diqqətə çatdırıb.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska Novruz bayramının Azərbaycan xalqının ən qədim bayramı olduğunu bildirib, xalqımızın əsrlərdən bəri qoruyub saxladığı Novruz adət-ənənələrindən bəhs edib. O, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” elan edildiyini, bu bayramın Azərbaycan və digər ölkələrin təşəbbüsü ilə UNESCO-nun siyahısına daxil edildiyini də diqqətə çatdırıb.

Ədəbi klubunun rəhbəri şair Dimitr Milov iştirakçıları Beynəlxalq Poeziya Günü münasibətilə təbrik edib və bu gecənin Bolqarıstan və Azərbaycan arasında ədəbi əlaqələrə də töhfə olacağına ümid etdiyini deyib. Tədbirdə iştirak edən şairlər şeirlərini söyləyiblər.

Mərkəzin tələbələri Preslav Tsanev, Saşa Zdravkova və Yolina Petrova Azərbaycan dilində Nizami Gəncəvi, Hüseyn Cavid və Mirzə Ələkbər Sabirin haqqında yaz və Novruz şeirləri söyləyib, Nikol Georgiyeva və Melisa Ramadan isə Azərbaycan milli rəqslərini ifa ediblər.

Qonaqlara Azərbaycan çayı, milli şirniyyatlar təqdim edilib.