Rayondakı istirahət mərkəzləri qiymətlərdə endirim edib
   
   Ölkəmizin geniş turizm potensialına malik bölgələrindən olan Qəbələdə yerli iş adamları mövcud imkanlardan səmərəli istifadə edirlər. Hər il rayonda müasir standartlara uyğun bir neçə yeni turizm obyekti fəaliyyətə başlayır.
   
   Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadan aldığımız məlumata görə, rayonda 1577 yerlik 16 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var. Onlardan 9-u Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. «Gilan», «Karvan», «Qafqaz Resorte», «Qafqaz Riverside», «Qəbələ», «Qafqaz Sport» mehmanxanaları, «Selbasar», «Qəbələ Xanlar», «Duyma», «Sahil», «Semerana», «Yeddi gözəl» istirahət mərkəzləri və «Yengicə» istisu sanatoriyası müasir standartlara tamamilə cavab verir. «Duyma»da turistlərin istirahəti üçün futbol, voleybol, tennis meydançaları, katamaran və ekskursiya xidməti göstərilir. «Qafqaz Resorte», «Qafqaz Riverside» və «Qafqaz Sport» mehmanxanaları göstərilən xidmətlərin səviyyəsinin yüksək olması ilə regionun digər mehmanxanalarından əsaslı surətdə fərqlənir və burada turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Rayonda yerləşən obyektlərdə qiymətlər, səhər yeməyi daxil olmaqla, 1 nəfər üçün 20-80 manat arasında dəyişir.
   Şöbə müdiri qeyd etdi ki, ötən 8 ildə Qəbələdə müasir turizm obyektlərinin sayı bir neçə dəfə artıb. Yeni istifadəyə verilən obyektlər gün ərzində ümumilikdə 1236 nəfərə yaxın turistə müasir standartlara uyğun restoran, hotelçilik və müalicə xidmətləri göstərmək imkanına malikdir: «Bu yay turizm mövsümündə istirahət mərkəzlərində xidmətlərə görə qiymətlər ötən illə müqayisədə xeyli ucuzlaşıb. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropa mətbəxlərinin yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri ötən illə müqayisədə builki turizm mövsümündə hotel xidmətlərinə bir otaq üçün 20-25 manatadək, restoran xidmətlərinə 15-20 faizədək endirim ediblər. İstirahət mərkəzlərinin bir neçəsi qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir».
   Həmsöhbətimizin sözlərinə görə, son illər rayona gələn turistlərin sayı da artmaqdadır. Bu ilin 6 ayı ərzində Qəbələyə 22 min nəfərdən çox turist gəlib. Onların arasında xeyli xarici ölkə vətəndaşı da var. Bunun bir səbəbi də bu yaxınlarda Qəbələdə keçirilmiş IV Beynəlxalq Musiqi Festivalıdır. Ümumilikdə, indiyə qədər rayona 3 min nəfərdən çox xarici turist gəlib.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar