İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 27 mart – Beynəlxalq Teatr Günü ilə bağlı üzv ölkələrə incəsənətin bu vacib növünü dəstəkləmək barədə müraciət edib.

Təşkilatın bəyanatında teatrın milli mənsubiyyət və vətəndaşlıq, inklüzivlik və komanda ruhu, dialoq və digər mədəniyyətlərə açıqlıq dəyərlərini əks etdirən qeyri-maddi və sivilizasiya irsinin bir hissəsi olduğu vurğulanıb. Təşkilat bu kontekstdə dövlətləri və vətəndaş cəmiyyətlərini müasir texnologiyanın yaratdığı çoxsaylı platformalardan faydalanmaq yolu ilə hazırda böyük rəqabətlə və bir çox problemlərlə üzləşən teatr sənətinin davamlılığını təmin etmək istiqamətində birgə səylər göstərməyə çağırıb.

Bəyanatda diqqətə çatdırılır ki, ümumilikdə incəsənətə və xüsusən də teatra olan böyük marağın bir hissəsi olaraq, ICESCO bir neçə akademik əsər nəşr etdirib və bu sənətin üzv dövlətlərdə mövcudluğunu gücləndirməyə kömək etmək üçün silsilə simpozium və təlim sessiyaları təşkil edib. Teatrları dəstəkləmək məqsədilə bu ilin fevralında Komor adalarında ərəb ölkələrinin teatr festivalı keçirilib.

“ICESCO Beynəlxalq Teatr Günü münasibətilə üzv dövlətləri teatrı təbliğ etmək üçün gənc nəslin istedad və bacarığından istifadə etməyə, bu sənət ocaqlarına davamlı dəstək göstərməyə çağırır. Biz həmçinin teatr və sənətçilərə maddi-texniki və maliyyə dəstəyi göstərməyi, onların hüquqlarını, xüsusən əqli mülkiyyət hüquqlarını qorumağı, teatr sənəti ilə təhsil mədəniyyəti arasında bir-birini tamamlayan əlaqələri təşviq etməyi tövsiyə edirik. Eyni zamanda təşkilat xüsusi qayğıya ehtiyacı olan insanların teatr səhnəsinə inteqrasiyasına, ictimaiyyətin birliyini gücləndirmək üçün teatrdan istifadəyə və ən son texnologiyalar əsasında arxivləşdirmə yolu ilə teatr əsərlərinin qorunmasına çağırır”, – deyə bəyanatda vurğulanır.