İstanbulda baharın gəlişinin müjdəçisi lalə (zanbaq) mövsümüdür. Hər il İstanbulun göz önündə olan yerləri rəngbərəng bahar lalələri ilə bəzədilir. Bu da ziyarətçilərə şəhərin parlaq gözəlliklərini ehtiva edən zövqlü mənzərə təqdim edir. Sultanahmet meydanında geniş lalə “xalça”sı ziyarətçiləri ovsunlayır. İstanbulda Emirgan bağı, Gülhanə parkı, Yıldız bağı, Soğanlı botanik parkı, Beykoz bağı, Büyük və Kiçik Çamlıca bağlarında və digər məkanlarda bənzər mənzərə ilə qarşılaşmaq mümkündür.
Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatında bildirilir ki, İstanbul növbəti lalə mövsümünə hazırdır.
Onu da qeyd edək ki, bizim daha çox zanbaq kimi tanıdığımız, Türkiyədə isə lalə adlandırılan çöl çiçəyi XVI əsrdən başlayaraq Osmanlının paytaxtı İstanbulda yetişdirilməyə başlanıb və şəhərin hər yerində bağ çiçəyi kimi əkilib.
Türkiyəyə İrandan gətirildiyi deyilən çiçək dünyada daha çox tülpan (farsca “toliban” – baş örtüyü mənasını verir) adı ilə tanınıb. Həqiqətən də, zanbağın qönçəsi baş örtüyünə çox bənzəyir.
Qanuni Sultan Süleymanın dövründə ölkədə lalənin fərqli növləri artıb. Özəlliklə şəhərin simvolu olan İstanbul laləsi bu dövrdə ortaya çıxıb. Sultan III Əhmədin dövründə gülün 2000-ə yaxın növü yayılıb və məhz bunun nəticəsidir ki, XVIII əsrin əvvəlini “Lalə dövrü” adlandırırlar.
Lalə çeşidləri artdıqca hər rəng başqa bir məna ifadə etməyə başlayıb. Qırmızı lalə eşqi, bəyaz lalələr isə saflıq və məsumiyyəti, bənövşəyi çiçəklər ləyaqət və romantizmi, sarı çiçəklər ümidsiz sevgini ifadə edib. Qara lalə “əlçatmazlıq və nadirlik” ifadəsi sayılıb.
Türk mədəniyyətində bu qədər önəmli yeri olan çiçək İstanbulu “fəth” etdikdən sonra Avropada da yayılıb.
XVI əsrin ortalarında Avstriya imperatorunun elçisi ilk dəfə onu İstanbulda bağçaların birində görür. Tanımadığı çiçək onu heyran edir və 1554-cü ildə çoxlu miqdarda toxum və soğancıq Vyanaya gətirilir. Qısa bir müddət ərzində gözoxşayan çiçək Avstriyada, həmçinin Fransa, İngiltərə, Almaniya, sonradan isə Amerikada yayılır. Çiçək ən böyük şöhrəti isə Niderlandda qazanır. Hollandiyalı bağbanlar dünyanın müxtəlif ölkələrinə ixrac olunan zanbaqların çox sayda növünü yetişdirirlər. Hazırda dünyada zanbaqların 2500-dən artıq növü var.