MİRAS İctimai Birliyi tərəfindən martın 27-də PİCASP layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU-da) “Arxeoloji irsin idarə edilməsi” mövzusunda seminar təşkil edilib.
Sosial menecment fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsinin və müəllimlərin iştirakı ilə keçirilən seminarda layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji irsin aşkara çıxarılması və qorunmasının əsasları, bu sahədə görülən işlər, dövlət tənzimləmə mexanizmləri, milli və beynəlxalq təcrübə və s. barədə məruzə ilə çıxış edib.
Sonra mövzu üzrə tələbələrlə interaktiv formada müzakirə aparılıb. Layihənin MİRAS İctimai Birliyi üzrə koordinatoru Məleykə Hüseynova layihənin məqsədləri, görüləcək işlər və planlaşdırılan digər tədbirlərin mahiyyəti barədə məlumat verib.
Qeyd edək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2021-ci ildən Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi açıq ödənişsiz onlayn kursların tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində ictimai birlik tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.