2023-cü ildə Türk dünyası üçün bir sıra əlamətdar tarixlərin, o cümlədən: böyük alim Əbu Reyhan əl-Biruninin anadan olmasının 1050 illiyinin, mütəfəkkir Xoca Əhməd Yəsəvinin anadan olmasının 930 illiyinin, Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anadan olmasının 600 illiyinin, Sultan Beybarsın anadan olmasının 800 illiyinin, məşhur qırğız mütəfəkkiri Moldo Niyazın anadan olmasının 200 illiyinin, Türkiyənin böyük şairi, “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ersoyun anadan olmasının 150 illiyinin, qədim türk yazısının şifrinin açılmasının 130 illiyinin, habelə görkəmli şəxsiyyətlər və mühüm hadisələrlə bağlı başqa yubileylərin qeyd edilməsi nəzərdə tutulur.
Bu barədə Bişkekdə Türk Akademiyası (BTA) Elmi şurasının 6-cı iclasında məlumat verilib.
İclasda BTA-nın prezidenti Şahin Mustafayev, Qırğızıstanın təhsil və elm naziri Kanıbek İmanəliyev, Azərbaycan elm və təhsil nazirinin müavini İdris İsayev, Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin sədri Darxan Əhməd-Zəki, Türkiyə Milli Təhsil Nazirliyinin Təhsil Şurasının sədri Cihad Dəmirli, Macarıstanın Qırğızıstandakı səfiri Şandor Doroqi, habelə qardaş ölkələrdə təhsilə və elmə cavabdeh idarələrin nümayəndələri və ekspertləri iştirak ediblər.
İclasda BTA Elmi şurasında sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Akademiyanın rəhbəri 2022-ci ildə görülmüş işlər barədə hesabat təqdim edib. Türk Dövlətləri Təşkilatının iştirakçıları olan ölkələrin elm və təhsil sahəsində əməkdaşlığı, elmi tədqiqat layihələri müzakirə olunub, 2023-cü il üçün Türk dünyasının əlamətdar tarixləri təsdiq edilib.
Akademiyanın 2023-cü il üçün iş planı da təsdiq olunub. BTA Elmi şurasının növbəti iclasının Bakıda keçirilməsi qərara alınıb.