“Ting” nəşriyyatı hər il Ramazan ayında uşaqlar üçün məlumat xarakterli kitablar çap edir. Nəşriyyat bu il də ənənəsinə sadiq qalıb, “Ramazan gündəliyim” və “Qurani-Kərim”dən 1000 sual-cavab” adlı kitabları ərsəyə gətirib.

“Ramazan gündəliyim”də hər gün üçün xüsusi ayrılmış səhifələrdə elmə, insan sağlamlığına, mənəvi-əxlaqi tərbiyəyə aid müxtəlif məlumatlar yer alıb. Nəşrin “İslamı öyrədirəm” bölməsində dini biliklər, “İslam tarixi” bölməsində Məhəmməd peyğəmbərin həyatı haqqında bilgilər, “Peyğəmbərlər” bölməsində isə bütün peyğəmbərlərin həyatı haqqında qısa informasiyalar verilib. Bir sözlə, kitabı vərəqləyən oxucular asan dil və hədislər vasitəsilə Ramazan ayı və orucun fəzilətləri ilə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər.

“Qurani-Kərim”dən 1000 sual-cavab” kitabı isə 1000 sualdan ibarət test şəklində tərtib edilib və cavablar müqəddəs kitaba isnad edilərək asan qavranılacaq dildə verilib. Suallar məzmununa görə bölmələrə ayrılıb.