1918-ci ildə erməni vandallarının xalqımıza qarşı törətdikləri soyqırımının 105 ili tamam olur. Mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən hesab edilir.

Martın sonu – aprelin əvvəllərində dinc əhaliyə qarşı həyata keçirilən qırğınlar nəticəsində on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzaları, Qarabağda, Zəngəzurda, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də törədilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən mart soyqırımının araşdırılması istiqamətində bir sıra işlər görülsə də, Cümhuriyyətin süqutu ilə proses başa çatdırılmayıb. Ölkəmiz müstəqilliyini bərpa etdirdikdən sonra, 1998-ci il martın 26-da Prezident Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanıb. Bununla da tariximizin bu qanlı səhifəsində siyasi-hüquqi qiymət verilib. Həmin dövrdən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart soyqırımını unutmadıq” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə bağlı kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/31_Mart_Soyqirimini_unutmadiq/index.htm istifadə edə bilərlər.