Aprelin 1-də Füzuli Dövlət Dram Teatrında “Molla Nəsrəddin” tamaşasının premyerası keçiriləcək. Səhnə işinin nümayişi “1 aprel – Gülüş günü”nə həsr olunacaq.

Teatrın 2023-cü ilin repertuar planına daxil olan tamaşanın müəllifi Xaqani Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov və başqaları oynayırlar.

Keçmişlə bu günün sintezi olan tamaşa məşhur lətifə qəhrəmanı Molla Nəsrəddinin evlənmə əhvalatından bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan səhnə əsərində maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.